Əliyevlə Paşinyanın görüşü ilə bağlı - BƏYANAT
29.03.2019
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan bu gün ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Vyanada görüşüblər.
"Dövran Media" xəbər verir ki, bu barədə ATƏT-in yaydığı bəyanatda qeyd edilir.
Bildirilir ki, görüşdə həmçinin iki ölkənin xarici işlər nazirləri - Elmar Məmmədyarov, Zohrab Mnaçakanyan, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.
"Görüş müsbət və konstruktiv şəraitdə keçib və iki liderə öz mövqelərini aydınlaşdırmağa imkan verib. Onlar əsasən nizamasalma prosesinin əsas məsələləri üzrə fikirlər və ideyalar ətrafında fikir mübadiləsi aparıblar. Hər iki lider sülhə imkan yaradan vəziyyətin yaradılması və münaqişənin dinc yolla həllinin tapılması üçün danışıqlar prosesində konkret və hiss olunan addımların qəbulunun əhəmiyyətini vurğulayıblar", - deyə ATƏT-in bəyanatında bildirilir.