21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

BP-də yeni təyinatlar olub

29.03.2019

BP şirkətində rəhbər vəzifələrə yeni təyinatlar olub.
"BP Azerbaijan”dan Azərtac-a bildirilib ki, Co Mörfi mayın 1-dən etibarən Türkiyədəki nümayəndəliyin rəhbəri vəzifəsinə təyin olunub. O, Ankarada işləyəcək və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counza tabe olacaq.
Türkiyədəki nümayəndəliyin rəhbəri kimi C.Mörfi BP-nin ölkədəki baş nümayəndəsi olacaq və şirkətin ölkədəki bütün biznes bölümləri adından partnyorlar, hökumət orqanları ilə əlaqələr və xarici işləri idarə etməklə Türkiyədə BP-nin strategiyasının həyata keçirilməsinə dəstək verəcək. Bundan əlavə, o, Cənub Qaz Dəhlizi üzrə vitse-prezident kimi hazırkı vəzifələrini yerinə yetirməkdə davam edəcək və "Şahdəniz” yatağının işlənməsinə və ilk dəfə olaraq Xəzər dənizindən Avropaya təbii qazın çatdırılmasını təmin edəcək 40 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsinə rəhbərlik edəcək.
Onun neft-qaz sənayesində 25 il iş təcrübəsi var. O, apstrim, daunstrim, kimya sektorlarında, BP-nin baş ofisində müxtəlif vəzifələrdə işləyib və məsləhətçi kimi də fəaliyyət göstərib. C.Mörfi Azərbaycan, Misir, Şarcə, Vyetnam, ABŞ, Qətər və Böyük Britaniyada işləyib. O Kembric Universitetini tarix üzrə magistr dərəcəsi ilə bitirib.
Bundan başqa, Brayan MakLeod aprelin 1-dən Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə vitse-prezident vəzifəsinə təyin olunub. Bu yeni vəzifəsində o, əməyin təhlükəsizliyi və əməliyyat riskləri qrupuna rəhbərlik edəcək, əməyin təhlükəsizliyi və əməliyyat riskləri üzrə apstrim və AGT regional rəhbərlik qruplarının üzvü olacaq.
B.MakLeod BP-də 1981-ci ildən işləyir və apstrim seqmenti boyu texniki xidmət, istismar əməliyyatları, əməyin təhlükəsizliyi və əməliyyat riskləri sahələrində bir sıra rəhbər vəzifələrdə çalışıb. O, əməyin təhlükəsizliyi və istismar əməliyyatları sahəsində aparıcı mütəxəssisdir və neft-qaz hasilatı sektorunda 38 ildən çox iş təcrübəsi var.
Bu vəzifədən əvvəl o, 2016-cı ilin noyabrından AGT regionunda istismar əməliyyatları üzrə səlahiyyətli şəxs idi və əməliyyatların təhlükəsiz və səmərəli olması üçün özünün böyük töhfəsini verib.