Pulsuz ağac tingləri paylanılacaq - FOTO
29.03.2019
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq.
ETSN-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ölkə rəhbərliyinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq, ağac əkilməsinin təşviqi məqsədilə "Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlif cinsli ağac tingləri paylanılacaq.
02-10 aprel tarixlərində Bakıda və bölgələrdə keçiriləcək aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr veriləcək.
Ağac tinglərinin paylanılması aksiyası aprelin 2-də Bakının Nəsimi rayonunda Koroğlu parkının, Binəqədi rayonunda Zərifə Əliyeva parkının qarşısında saat 11:00-dan 13:00-dək, Yasamal rayonunda Azərsu parkının qarşısında saat 13:00-dan 15:00-dək, Gəncədə Kəpəz bələdiyyəsinin, Şəkidə isə Axundov bağının qarşısında saat 11:00-dan 13:00-dək keçiriləcək.
ETSN vətəndaşları aksiyalarda fəal iştirak etməyə, ağac əkməyə və qorumağa çağırır.