Nazirdən dəhşətli yanğınla bağlı AÇIQLAMA
26.03.2019
Yanğının qonşuluqdakı tikililərə keçməsinə imkan verilməyib. Əks halda, hadisənin qarşısını almaq çox çətin olardı. Çünki ticarət mərkəzinin binasının bayır hissəsi alkopon materiallarla üzlənib. Bunlar isə yanan maddələrdir.
"Dövran Media" AZƏRTAC-a istinadən bildirir ki, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov martın 26-da səhər saatlarında Bakının Nizami rayonunda ticarət və digər təyinatlı obyektlərin olduğu ərazidə baş verən yanğınla əlaqədar jurnalistlərə müsahibəsində deyib.
K.Heydərov bildirib ki, yanğınsöndürənlər binanın içərisində xüsusi geyimlərlə yanğının söndürülməsində iştirak edirlər. Bayırdan isə yanğının söndürülməsinə maşınlar cəlb olunub. Bu, ciddi yanğındır. İlk dəqiqələrdən yanğının qonşuluqdakı tikililərə keçməsinin qarşısı alınıb. Belə olmasaydı, yanğının qarşısını almaq çox çətin olardı. Yanğın artıq məhdudlaşdırılır.