Hüseyn KƏRİM: Sənətinin aşiqi - FOTOLAR
25.03.2019
Bir insan tanıyıram 30 ildən yuxarı bir dostu, bir sirdaşı var. O dost, o sirdaş sevincdə və kədərdə həmişə yanında olub. Həmin insana daima mənəvi dayaq olub. Heç vaxt yük olmayib, əksinə uğurlar qazanmasında əvəzsiz xidmət göstərib. Onu nəinkI Azərbaycana, bütün dünyaya tanıdıb. Həmin insan Rasim Sadıxov, dostu və sirdaşı isə, ona daim sadiq olan fotoaparatı. Bu keşməkeşli dünyanın pəncərəsindən öz fərdi baxış bucağı ilə bizləri bənzərsiz, ancaq ona məxsus dünya görünüşünə və estetikasına xas olan ecazkar bir aləmə aparan Rasim Sadıxov, bu zövqlü və incə sənətə sözün əsl mənasında ömrünü vermiş, saçların ağartmışdır. Rasim Sadıxov çəkdiyi fotoları ilə həyatın müxtəlif anlarını tarixə və əbədiyyata çevirməyi bacaran bir SƏNƏTKAR- dır desəm yanılmaram. Ustadın arxivində bir-birindən fərqli mövzuları əhatə edən yüzminlərlə foto əsərləri vardır. Əlbəttə bunların sırasında Qarabağ müharibəsi ilə bağlı olan əsərləri ön cərgədə durur. Rasim Sadıxov müharibə başlayan gündən bütün qaynar nöqtələrdən foto reportajlar hazırlamaqla xalqı və dövləti qarşısında bir insan və bir fotoqraf kimi öz vətəndaşlıq borcunu layiqincə vermişdir. O öz silahı - fotoaparatı ilə döyüş bölgələrində əsgər və zabitlərimizlə çiyin -çiyinə düşmənə qarşı sözün əsl mənasında mübarizə aparmışdır. Rasim Sadıxovun cəbhə bölgələrində çəkdiyi minlərlə tarixi foto kadrlar vardır ki, Azərbaycanın Qarabağ müharibəsində haqlı olduğunu bütün dünyaya sübutə yetirir. Bundan başqa 1990-cı il qanlı 20 yanvar faciəsində və ondan sonrakı günlərdə, Sovet ordusunun Bakıda komendant saatı tətbiq etdiyi bir dövrdə, Rasim müəllimin ölümlə üz-üzə dayanaraq o dövrü, o anları əbədiləşdirən tarixi foto kadrlarını qeyd etmək lazımdır. Budur əsl VƏTƏNPƏRVƏRLİK. Rasim Sadıxov Azərbaycan foto sənətinə dəyərli əsərlər ərməğan etməklə yanaşı, yeni nəslin, gənc fotoqrafların yetişməsində də əvəzsiz rol oynayır. Buna əyani sübut olaraq 2016 -cı il Norveçın paytaxtı Osloda, sonra isə doğma Bakımızda Azərbaycanın müstəqilliyinin 25 illiyinə həsr olunmuş fərdi foto sərgisi reallaşan Rüstəm Fərman İsmaylovu, onun qardaşı Nəriman İsmaylovu, həmçinin Rasim müəllimin məsləhətlərindən bəhrələnən gənc və perspektivli fotograf Nail Əhmədovu xüsusi qeyd etmək lazımdır. Tələbə yetişdirmək bir günün, bir ayın işi deyil. Buna böyük səbr və əzmkarlıq tələb edən illər gərəkdir. Rasim Sadıxovun Azərbaycan foto sənətinə bəxş etdiyi tələbələri ölkəmizin dünyada tanınmasında heç şübhəsiz ki, müəllimlərinin layiqli davamçıları olacaqlar. Rasim Sadıxov bu gün həmişəkindən daha məhsuldar işləyir. Rəhbəri olduğu Azpress.az foto-video xəbər portalı Azərbaycan elektron mediasının qabaqcıllarındandır. Operativliyi və dəqiq xəbəri özünə kredo seçən agentlik sutkanın 24 saatını oxucularını yeni və maraqlı xəbərlərlə təmin edir. Bu çətin və məsuliyyətli işdə Rasim müəllimə yeni -yeni uğurlar diləyirik. Əvəzsiz xidmətləri müqabilində Rasim Sadıxovun əməyini Azərbaycan dövləti, ayrrı -ayrı yerli və xarici jurnalist birlikləri, o cümlədən QHT və digər təşkilatlar müxtəlif fəxri adlar, diplom və medallarla qiymətləndirmişlər. Bütün bunlar Rasim müəllimə müasir Azərbaycanın çiçəklənməsi uğrunda böyük şövqlə fəaliyyət göstərməsində bir güc verir. Sizə sənətiniz və amalınızla bir addımlamağı arzu edirəm. AZƏRBAYCAN Sizinlə fəxr edir ey Sənətinin aşiqi!
Müəllif: Hüseyn KƏRİM