Bu ölkənin bombalanmaması üçün hər şeyi etdik - Lavrov
22.03.2019
Rusiya əlindən gələn hər şeyi etdi ki, Yuqoslaviyanın 1999-cu ildə NATO ölkələri tərəfindən bombardman edilməsinin qarşısını alsın.
Dövran Media xəbər verir ki, bunu NTV televiziyasında yayımlanan "Atlantinka üzərində dönüş” sənədli filminə verdiyi müsahibəsində Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.
O bildirib ki, məhz Rusiyanın təşəbbüsü ilə regionda ATƏT missiyası formalaşdırıldı.
Lavrov bu missiyanın yaradılmasından sonra Parisdə konfrans təşkil edildiyini, ABŞ-ın bu konfransda Yuqoslaviya Prezidenti Slobodan Miloşeviçə ultimatum irəli sürərək, dərhal hakimiyyətini təhvil verməsini tələb etməyə cəhd göstərdiyini bildirib:
"Onlar öz ultimatumlarını beynəlxalq ictimaiyyətin tələbi kimi təqdim etməyə cəhd edirdilər. Biz konfransın bu məqsədlər üçün istifadəsinə izn vermədik və beynəlxalq hüquq normalarını müdafiə etdik. Əlbəttə, onlar eyni şeyi BMT Təhlükəsizlik Şurasında da etdilər”.
Qeyd edək ki, NATO Serbiyanı 1999-cu ilin 24 martından 10 iyununa qədər bombardman edib. Rəsmi Belqradın hesablamalarına əsasən, bu bombardmanlar zamanı 2500 nəfər həlak olub, 12,5 min nəfər yaralanıb. Ölkəyə ümumilikdə 100 milyard dollara yaxın zərər dəyib.