Şəkərburanı necə naxışlamalı? - VİDEO
20.03.2019
Novruz Bayramının vazkeçilməz atributlarından biri də şəkərburadır. Onun hazırlanma qaydasını biz artıq nümayiş etdirmişik. Bu dəfəki videomuzda isə şəkərburaya vurulan müxtəlif naxışlarla tanış ola bilərsiniz.
"Dövran Media" Sputnik Azərbaycan-a istinadən bildirir ki, evdar qadın Dilarə Əliheydarovanın sözlərinə görə, şəkərburaya naxış vurmaq üçün bütün xəmiri kündələmək və yaymaq lazım deyil. Haradasa, 10 şəkərbura üçün kifayət edəcək qədər xəmir çıxarmaq, qalanını isə soyuducuda saxlamaq lazımdır ki, xəmir qalxmasın və qurumasın.
Kündələri yayandan sonra, təxmini 2 qaşıq içlik əlavə edirik və kənarlarını ehmalca birləşdiririk. Dilarənin hazırladığı içliyin resepti isə belədir:
200 qram qoz
200 qram şəkər tozu
Zövqə görə ədviyyatlar - hil və vanil
Qoz sobada və ya qaz plitəsinin üzərində bir qədər qovrulur, qabığı çıxarılır ki, içlik ağ olsun. İçliyi fındıqdan da hazırlamaq olar.
Şəkərburanın kənarlarını birləşdirəndən sonra onları bir az yastılaşdırır və alt hissədən başlayaraq yuxarıya doğru bururuq. Bitirdikdən sonra şəkərburanı tərs üzünə qoyuruq ki, naxış vuracağımız tərəf qurumasın.
Birinci naxış sünbülə bənzəyən ənənəvi cınağı naxışıdır. İnanclara görə, sünbül ruzi-bərəkət rəmzidir. Bu naxışı edərkən cığırların arasındakı məsafənin eyni olmasına diqqət edirik.
İkinci naxış son zamanlar sevilən "şahmat" naxışıdır. Sonuncu naxışı çoxumuz mağazalarda satılan şəkərburalar üzərində görürük. Bu naxışı ev şəraitində etmək olduqca asandır. Şəkərburanın mərkəzinə yeməli "muncuq" qoyuruq və ətrafında "gül" naxışını çəkirik. Ətraflarını isə adət etdiyimiz cınağı naxışı ilə doldururuq.
Şəkərburaların naxışları hazır olandan sonra sobanızdan asılı olaraq 100-150 dərəcədə 20-25 dəqiqə bişiririk. Diqqət yetirmək lazımdır ki, şəkərburaların üstü və altı qızarmasın.
Nuş olsun!