Erməni ombudsman azərbaycanlı girovla görüşdü
19.03.2019
Ermənistan ombudsmanı Arman Tatoyan azaraq Ermənistan tərəfə keçmiş Azərbaycan vətəndaşı Elvin İbrahimovla görüşüb.
"Dövran Media"nın məlumatına görə, bu barədə A.Tatoyan özünün Feysbuk səhifəsində yazıb.
Ombudsman bildirib ki, hazırda xəstəxanada müalicə alan E.İbrahimovla görüş vaxtı Cinayət Prosessual Məcəllə üzrə istintaq hərəkətləri aparan vəkil və müstəntiq də orada olub. A.Tatoyan onlarla E.İbrahimovun hüquqlarına dair məsələləri müzakirə edib. Ombudsmanın E.İbrahimovla görüşü tərcüməçinin iştirakı ilə baş tutub.
Görüş vaxtı E.İbrahimov ailə üzvləri ilə görüşmək və danışmaq istədiyini bildirib, buna şərait yaradılmasını istəyib. Ermənistan ombudsmanı bu məsələni Milli Təhlükəsizlik Xidmətinin direktoru ilə müzakirə edib.
Ona bildirilib ki, E.İbrahimovun ailəsi ilə məktub, telefon və videozəng vasitəsilə əlaqə yaratmasına şərait yaradılacaq. Bundan başqa, Milli Təhlükəsizlik Xidməti E.İbrahimovun Ermənistan ərazisində ailə üzvləri ilə görüşünün təşkilinə, onların təhlükəsizliyini təmin etməyə hazır olduğunu qeyd edib.
Görüşdə Ombudsman Aparatının həkimi də iştirak edib. E.İbrahimovun səhhətinin kafi olduğu bildirilib.
Qeyd edək ki, Qazax rayonunun Yuxarı Salahlı kənd sakini, 29.10.1986-cı il təvəllüdlü İbrahimov Elvin Arif oğlu cari il mart ayının 15-dən 16-na keçən gecə Qazax rayonunun Ermənistan Respublikası Noyemberyan rayonu ilə sərhəd xəttində yolu azaraq qarşı tərəfə keçib.
E.İbrahimov sərhədi keçərkən Ermənistan hərbçiləri tərəfindən açılmış atəş nəticəsində yaralanıb. Aidiyyəti beynəlxalq təşkilatlar E.İbrahimovun yaralanması və Ermənistan hərbçiləri tərəfindən saxlanılması faktını təsdiq edərək həyatı üçün təhlükənin olmadığını bildiriblər.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılmış ilkin araşdırma zamanı məlum olub ki, E.İbrahimov Qazax rayonlararası ruhi xəstəxanasında qeydiyyatdadır.
Dövlət Komissiyası E.İbrahimovun azad edilməsi ilə bağlı aidiyyəti beynəlxalq təşkilatlara müraciət edib.