Fuad Abbasovdan çağırış: Məni deportasiya edəcəklər
18.03.2019
Ermənilərə qarşı apardığı mübarizə və Rusiyadakı azərbaycanlıların maraqlarını müdafiə etməsi ilə məşhurlaşan azərbaycanlı jurnalist Fuad Abbasov bu axşam demək olar ki, Rusiyanın bütün regionlarından olan Azərbaycan diaspor təşkilatları rəhbərlərinin iştirakı ilə Feysbuk sosial şəbəkəsində canlı yayım təşkil edəcək.
Bu barədə məhz jurnalistin özü məlumat verib.
"Kimin hansı tərəfdə dayandığını öyrənməyin vaxtı çatıb. Mən fikir vermişəm ki, Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin sədri Ağadadaş Kərimova, onun erməniyönlü fəaliyyətinə, həmçinin Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqovaya qarşı çıxmağa başladıqdan sonra çoxillik dostlarım məndən üz döndərib. Məsələ burasındadır ki, mənə qarşı böyük təxribat kampaniyası başladılıb. Dünənə qədər mənə qardaş deyib, bu gün düşmən kimi qarşı çıxan bu insanları anlaya bilmirəm”, - Abbasov bildirib.
Abbasov ona həmçinin hüquq-mühafizə orqanlarından müraciətlərin də daxil olduğunu söyləyib.
"Guya mənim qeyri-qanuni fəaliyyətlərimlə bağlı qurma işlər aparılır. Məsələ o yerə çatıb ki, məni hətta Rusiyadan deportasiya da edə bilərlər. Bu gedişlə təxribatlar öz meyvəsini verə bilər. Bunların hamısı mənim antiazərbaycan missiyasını davam etdirmək istəyən həmin şəxslərə mane olduğum üçün baş verir”, - Abbasov bildirib.