21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Sənədsiz evlərlə bağlı konsepsiya hazırlanır

18.03.2019

Əmlak Məsələləri Dövlət Komitəsi sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı konsepsiya hazırlayır və bu, yaxın zamanlarda Prezident Administrasiyasına təqdim ediləcək.
"Dövran Media" xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov deyib. Ekspert bildirib ki, hündürmərtəbəli binalardakı mənzillərə çıxarış verildikdən sonra həyət evlərinin sənədləşdirilməsinə başlanılacaq:

"İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) 2014-cü ildə sənədsiz inşa edilmiş tikililərin sənədləşdirilməsi ilə bağlı təkliflər paketini Azərbaycan hökumətinə təqdim etmişdi. Əvvəla, təkliflərimiz "Əmlak amnistiyası”nı nəzərdə tutur. Bu baxımdan yaxın zamanda sənədsiz əmlaka amnistiya verilməsi məqsədəuyğun olardı. İlkin monitorinqlər göstərir ki, Bakı və ətrafdakı ərazilərdə sənədsiz həyət evlərinin sayı 450 mindir. Onların 70 minə yaxını inşaata icazə verilməyən və ya nisbətən riskli hesab edilən ərazilərdədir. Bunlar yüksək gərginlikli elektrik, mavi qaz, yaxud su xətlərinin yaxınlığında olan evlərdir. Təklif edirik ki, əgər elektrik, ya da su xəttinin istiqamətini dəyişmək mümkündürsə, o zaman evə toxunulmasın. Bununla da həmin ərazi təhlükəli zona anlayışından çıxarılsın. Amma su, qaz xəttinin üstündə tikilən evlərə real təhlükə varsa, ev sahiblərinə kompensasiya ödənilməklə evlərin köçürülməsi təmin edilsin”.

İqtisadçı qeyd edib ki, konsepsiyada daha çox Rusiyada tətbiq edilən praktikadan istifadə olunub:

"Burada söhbət dövlət tərəfindən müəyyənləşdirilmiş kiçik tariflərə uyğun olaraq məsələnin həllindən gedir. Çünki həmin evlərin böyük bir qisminin icra hakimiyyətlərindən, yaxud bələdiyyələrdən sənədləri var. Bu, mənzil sahiblərinin günahı deyil. Bələdiyyə onlara sənəd verib, onlar da həmin sənədlə evlərini özəlləşdirə bilmirlər. Əgər bu cür sənədlərlə evi özəlləşdirmək mümkün deyilsə, həmin sənədlər verilməməli idi. Xüsusən də ev sahiblərinin həmin sənədləri müəyyən xərc bahasına aldıqları da nəzərə alınmalıdır. Bizim mexanizm ondan ibarətdir ki, evlərin rəsmiləşdirilməsi üçün çox simvolik məbləğ müəyyənləşdirilməli və məbləğ ev sahibi üçün hər hansı bir ağırlıq yaratmamalıdır. Məbləğ ödənildikdən sonra evlərin qeydə alınması və "kupça” ilə təmin olunması prosesi başlanmalıdır. Əslində, bu prosedur dövlətin özü üçün də əhəmiyyətlidir. Bir tərəfdən ev sahiblərinin mülkiyyət hüquqları təmin edilir, digər tərəfdən də əmlak vergiyə cəlb olunur. Ona görə problemin həlli dövlət qurumlarının özünün marağında olmalıdır və onlar qısa zamanda məsələnin aradan qaldırılmasına çalışmalıdır”.

V.Bayramovun sözlərinə görə, uzun müddət gündəmdə olan sənədsiz həyət evləri probleminin yaxın zamanlarda həll ediləcəyi gözlənilir:

"Bizim təklif etdiyimiz mexanizm prosesin sürətlənməsi, ev sahiblərinin mülkiyyət hüquqlarının qorunması və real sektorda aktivliyin artırılması baxımdan əhəmiyyətli hesab edilə bilər”.