Vaqif Mustafazadənin doğum günüdür - FOTOLAR
16.03.2019
Bu gün bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Əziz oğlu Mustafazadənin doğum günüdür.
Bəstəkar 1940-cı il martın 16-da Bakıda anadan olub. Uşaq yaşlarında atasını itirən Vaqif musiqi müəllimi olan anasının himayəsində böyüyüb.
O, 1957-ci ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib, Bakı Musiqi Akademiyasına daxil olub, burada kiçik konsertlər verib, klublarda çıxış edərək, əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edib.
Bəstəkar 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub.
1969-1970-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrində pianoçu işləyib.
1979-cu ildə Monakoda qeyri-adi şərtlərlə yeni festival keçirilib. Bu festivalın şərtlərinə görə əsərin müəllifi, ifaçısı və ölkəsi gizli saxlanılmalıdır. Festival başa çatdıqdan sonra 100-lərlə naməlum ad içərisindən bizə doğma ad Vaqif Mustafazadənin adı çəkilib. Monako caz festivalından vətənə "Ağ royal" mükafatı ilə qayıdıb və növbəti konsertlərinə hazırlaşıb.
V.Mustafazadə fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir. Bəstəkar Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. V. Mustafazadə Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görən və orijinal bir janr ortaya çıxaran "Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
1982-ci ildə ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülüb.
Vaqif Mustafazadə 16 dekabr 1979-cu ildə Daşkəsəndə qastrol zamanı 39 yaşında ürək tutmasından vəfat edib, Bakıda dəfn olunub.
Bəstəkarın yolunu qızları Lalə Mustafazadə və Əzizə Mustafazadə davam etdirir.
1989-cu ildə Bakıda Vaqif Mustafazadənin xatirə muzeyi yaradılıb. Ev muzeyinin açılışı isə 2005-ci il martın 16-da Vaqif Mustafazadənin anadan olmasının 65-ci ildönümündə olub.
Muzeyin ilk rəhbəri cazmenin anası Zivər xanım olub. Ölümündən əvvəl cazmenin anası muzeyi qardaşı qızı Afaq xanıma vəsiyyət edib. 1997-ci ildən etibarən muzeyin rəhbəri Afaq Əliyevadır. 2004-cü ildə məhz onun təşəbbüsü ilə muzeyin həm özü, həm də eksponatları təmir edilib. Muzey görkəmli Azərbaycan sovet caz bəstəkarı və ifaçısı Vaqif Mustafazadənin həyatına və fəaliyyətinə həsr olunub. Muzeydə bəstəkarın həyatı və yaradıcılığı ilə bağlı fotoşəkillər, plakatlar, disklər, sənədlər və şəxsi əşyalar daxil olmaqla, 1214 əşyadan ibarət 3 otaq var. Evin sol küncündə Vaqifin və qızı Əzizənin ilk pianinosu var.
"Dövran Media" ev muzeyindən olan fotossesiyanı təqdim edir.