Maykl Essyen: “Səbail”ə uyğunlaşmaq üçün mənə vaxt lazım deyil"
15.03.2019
"Səbail”ə keçib-keçməyəcəyimlə bağlı suala klub rəhbərliyi ilə görüşümdən sonra tam aydınlıq gələcək”.
"Dövran Media"nın məlumatına görə, bu sözləri Qana milli komandasının və İngiltərə "Çelsi”sinin sabiq futbolçusu Maykl Essyen deyib.
37 yaşlı veteran futbolçu Bakının "Səbail” klubu ilə danışıqlar aparmaq üçün Azərbaycana gəlib. O, Topaz Premyer Liqasının XXI turunun "Səbail” – "Qarabağ” matçını tribunadan izləyib.
M.Essyen qarşılaşmadan sonra jurnalistlərin suallarını cavablandırıb. O, bir sıra adlı-sanlı klublarda oynadıqdan sonra karyerasını ölkəmizdə davam etdirmək variantı barədə danışıb: "UEFA Çempionlar Liqasının qalibi olduğumu unutmalıyıq. Çünki bu uğur keçmişdə qalıb. Mən futbolçuyam və yenə oynamaq istəyirəm. Bakıya ilk səfərimdə klubun icraçı direktoru Ramin Həsənovla gələcək planlardan danışmışdıq. Həmin planlar da məni cəlb edib. Bu, futbolçu kimi mənim üçün yeni bir çağırışdır”.
Son vaxtlar məşqçilik fəaliyyəti ilə məşğul olan M.Essyen yenidən yaşıl meydana dönmək iddiasını gizlətməyib: "İndoneziyadan ayrıldıqdan spnra Avstraliyadan aldığım təkliflərdən imtina etdim. Çox uzaqda oynamaq istəmirdim. Uzun illər şərəfini qoruduğum "Çelsi”də U-19-un məşqçisi kimi fəaliyyət göstərirdim. Karyeram ərzində bir çox ölkələrdə oynamışam. Daha sürətli çempionatlar görmüşəm. Azərbaycan çempionatında da oynaya bilərəm”.
37 yaşı olmasına baxmayaraq özünü Azərbaycanda oynamağa hazır sayan M.Essyen bunun üçün vaxta da ehtiyacı olmadığını bildirib: "Səbail”ə uyğunlaşmaq üçün mənə vaxt lazım deyil. Təcrübəmi gənc futbolçularla bölüşə bilərəm”.