21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

AzTV-də qalmaqallı kadr dəyişikliyi

15.03.2019

AzTV-nin sədr əvəzi Rövşən Məmmədli kanalda keçmiş sədr Arif Alışanovun dövründən qalma kadrları işdən çıxarmağa davam edir.
"Dövran Media" Bakupost.az-a istinadən xəbər verir ki, yeni rəhbər bu dəfə tanınmış jurnalist, AzTV-nin informasiya proqramları departamentinin baş direktoru Faiq Hüsiyevi vəzifəsindən azad edib. Bildirilir ki, Hüsiyevə işdən öz ərizəsi ilə, könüllü ayrılmaq təklif olunub, lakin baş direktor bu təklifə sərt reaksiya verib və televiziyada qalmaqal yaranıb.
Buna baxmayaraq, sədr qərarından geri addım atmayıb və F.Hüsiyev baş direktor vəzifəsindən azad edilib.
Yaranan qalmaqalın daha da böyüməsini istəməyən sədr R.Məmmədli F.Hüsiyevi AzTV-nin TV və Radio Akademiyasına rektor təyin edib.
Qeyd edək ki, F.Hüsiyev bu təyinata qədər həmin akademiyada rektorun səlahiyyətlərini icra edib.
Məsələ ilə bağlı açıqlama verən F.Hüsiyev sədrlə arasında qalmaqal yaşandığını təkzib etsə də, baş direktor vəzifəsindən azad edildiyini təsdiqləyib:
"Mən öz ərizəmlə informasiya proqramları departamentindəki vəzifəmdən ayrılmışam. Ardınca da TV və Radio Akademiyasının rektoru təyin edilmişəm. Sədr Rövşən Məmmədli münasibətlərimiz çox yaxşıdır, heç bir narazılıqdan söhbət gedə bilməz. Akademiyanın işini böyüdürük. Ona görə də mən öz istəyimlə bura gəlmişəm”.
Xatırladaq ki, F.Hüsiyev AZTV-də ən təcrübəli və tanınmış jurnalistlərdən hesab olunur. O, 1993-1995-ci illərdə Azərbaycan Dövlət Televiziyasında müxbir işləyib. 1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının "Yurd” mübadilə proqramları Baş redaksiyasına redaktor vəzifəsinə təyin olunub. 1997-1998-ci illərdə Televiziyanın "Ədəbiyyat və publisistika” redaksiyasında redaktor vəzifəsində, 1998-2005-ci illərdə "Beynəlxalq proqramlar” redaksiyasında böyük redaktor vəzifəsində çalışıb.
2006-cı ildə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Müəllif proqramları” departamentinin rəisi vəzifəsində işləyib. 2007-2009-cu illərdə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Tv. İnformasiya proqramları” studiyasının direktoru olub.
2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı ilə təltif edilib. Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin sədr müavini vəzifəsinə təyin edilib.