Amerikalı diplomat: “Azərbaycan bu layihənin döyünən ürəyidir”
15.03.2019
"Azərbaycan "Bir kəmər, bir yol” layihəsinin döyünən ürəyidir”.
"Dövran Media"nın xəbərinə görə, bunu VII Qlobal Bakı Forumu çərçivəsində "Dünya üçün Çinin inkişafı və imkanları” mövzusunda keçirilən paneldə ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin sabiq müavini Devid Merkel bildirib.
O, Bakı-Tbilisi-Qars dəmir yolu xəttini "Bir kəmər, bir yol” layihəsinin tərkib hissəsi adlandırıb. Amerikalı diplomat Səudiyyə Ərəbistanının da "Bir kəmər, bir yol” layihəsinə qoşulması üçün intensiv danışıqlar aparıldığını vurğulayıb.
Panelin moderatoru, Çin Xalqlar Universitetinin prezidenti Vu Hailonq bildirib ki, ötən 40 il ərzində Çin yüksək inkişaf yolu keçib. Onun sözlərinə görə, hazırda Çin beynəlxalq əməkdaşlığın ən böyük platformasına çevrilib: "Bir kəmər, bir yol” strategiyasına milyardlarla dollar investisiya yatırılıb. Bəziləri Çinin inkişafını özünə təhlükə kimi görsə də, Çin hər ötən gün güclənməkdədir”.
Laosun xarici işlər nazirinin müavini Khamphao Ernthavanh Çinin sürətli inkişafının dünya üçün böyük imkanlar açdığını vurğulayıb: "Çin dünya xalqlarının rifahını yaxşılaşdırır. Belə ki, Çin hər hansı bir layihəyə maliyyə vəsaiti ayırmaqla bərabər, öz təcrübəsini də bizimlə bölüşür. Çin açıq və şəffaf siyasət yürüdür. Laos Çinin yaratdığı fürsətlərdən istifadə edir və "Bir kəmər, bir yol” strategiyasını dəstəkləyir. Nümunə olaraq qeyd etməliyəm ki, hazırda Çinlə Laos arasında 450 kilometrlik yeni dəmir yollu xətti çəkilir”.
Şanxay Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Rəşid Alimov deyib ki, investisiyaların cəlb olunması sayəsində Çin intensiv inkişaf yolu keçib: "Dünyada hər iki ölkədən biri Çinin "Bir kəmər, bir yol” strategiyasında iştirak edir”.
Macarıstanın sabiq baş naziri Peter Medqessi Çinin sabitləşdirmə gücünün olduğunu diqqətə çatdırıb: "Çinin daxili bazarı çox böyükdür. Bu, onun ən böyük üstünlüyüdür. Çinin digər ən böyük üstünlüyü onun zəngin valyuta ehtiyatları ilə bağlıdır. Digər tərəfdən, Çin boş dayanmır, yeni bazarlar axtarır. Bu gün Çin Afrika bazarına maraq göstərməkdədir. Çində 2030-cu il üçün səhiyyə sistemi ilə bağlı mükəmməl plan hazırlanıb. Eyni zamanda Çin elm, texnika və süni intellektə çox böyük diqqət ayırır”.
Yeni Zelandiyanın keçmiş baş naziri Cenifer Sipley bildirib ki, Çində kommunist rejimi hakimiyyətdə olsa da, ölkə böyük inkişaf yolu keçib.
Panel müzakirələrlə başa çatıb./ona/