Ermənilər istəyir ki, Bakı Xankəndini vursun - AÇIQLAMA
14.03.2019
Müharibə hüququna aid məsələlər əsasən 1949-cu il Cenevrə Konvensiyaları ilə tənzimlənir.
Bu sözləri açıqlamasında Ermənistanın Təhlükəsizlik Şurasının iclasının Xankəndidə keçirilməsinə hüquqi kontekstdən yanaşan beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev deyib.
"Bu cür məsələlərə dair 1949-cu il Cenevrə Konvensiyalarında müddəalar tapmaq mümkündür. Konvensiyada işğalçı dövlətin işğal etdiyi ərazilərdə tədbirlər keçirməsi ilə bağlı xüsusi bənd olmasa da, həmin ərazilərdə paytaxt kimi inzibati vahidlərin qurulması qadağası var. Halbuki Təhlükəsizlik Şurası kimi tədbirlər ancaq bir ölkənin paytaxtında və öz ərazisində keçirilməlidir. Xankəndidə TŞ iclasını keçirməklə Paşinyan hökuməti iki məsələni göstərməyə cəhd edib. Birincisi, Qarabağın onlar üçün prioritet olduğunu və ATƏT-in son bəyanatını tanımadığını ifadə ediblər. İkincisi, Qarabağı öz torpaqları kimi gördüklərini göstərmək istəyiblər. Halbuki 1949 Cenevrə Konvensiyalarının əsas vurğusu ondan ibarətdir ki, işğalçı dövlətin işğal rejimi müvəqqəti olur”, - F.Mehdiyev bildirib.
Politoloq bildirib ki, Ermənistan bununla da açıq şəkildə Azərbaycanı müharibəyə təhrik edir:
"Onların hərəkətləri beynəlxalq hüquqda mövcud olan "yaxşı niyyət” prinsipinə ziddir. Həmin prinsipə əsasən, müharibə edən dövlətlər danışıqlara başlayıblarsa və sülh sazişinə gəlmək istəyirlərsə, bu cür təhrikedici hərəkətlərdən çəkinməli və yaxşı niyyətlə hərəkət etməlidirlər. İrəvan isə hazırda bu prinsipin əksinə hərəkət edərək qıcıqlandırıcı tədbirlər keçirir. Diplomatik münasibətlərdə belə bir yanaşma var ki, tərəflər diplomatik görüş və müzakirələri xoş məramla həyata keçirməlidirlər. Əks halda bu, mənfi nəticələrə gətirib çıxarır. Ermənistan isə son hiyləgər gedişi ilə məhz buna zəmin hazırlayır”.
Professor Ermənistanın Təhlükəsizlik Şurasının iclasını Azərbaycanın işğal altında saxlanılan Xankəndidə keçirməsinə qarşılıq olaraq mümkün cavab addımlarından da danışıb:
"Beynəlxalq qurumlar da Azərbaycanın Qarabağ ərazisinin işğal altında olduğunu qəbul edir. Buna görə də Azərbaycanın öz torpaqlarını zəruri müdafiə kontekstində geri almaq hüququ var. Lakin xüsusi olaraq vurğulayım ki, Azərbaycanın Xankəndini vurması danışıqların bitməsi demək olacaq. Məncə, erməni tərəfi də Azərbaycanın işğal olunmuş ərazilərində qıcıqlandırıcı tədbirlər keçirməklə elə bunu istəyir. Görünür, danışıqlardan qaçma imkanları yoxdur, danışıqlar isə mənafelərinə uyğun deyil. Ona görə də Azərbaycanı danışıqları pozan tərəfə çevirmək istəyirlər”.
Qeyd edək ki, ötən gün Ermənistan ilk dəfə olaraq Təhlükəsizlik Şurasının iclasını Azərbaycanın işğal altında saxlanılan Xankəndi şəhərində keçirib./axar.az/