Ronaldo 700-cü qolunu vurub
13.03.2019
"Yuventus” klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldonun UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsi çərçivəsində ötən gün "Atletiko Madrid” ilə qarşılaşmanın 86-cı dəqiqəsində 11 metrlik cərimə zərbəsindən vurduğu qol onun karyerasında rəsmi matçlarda 700-cü qolu olub.
Portuqaliyalı hücumçu bu göstəriciyə 987 oyunda nail olub. K.Ronaldo rəsmi oyunlarda vurulan qolların sayına görə altıncı sırada qərarlaşıb. Siyahıya çexiyalı Yozef Biçan başçılıq edir. Dünya futbolunun ən sürətli oyunçularından olan Y.Biçan 530 oyunda 805 qol vurub. 1994-cü ildə Braziliya millisinin heyətində dünya çempionu olan Romario isə 772 qolla ikinci pillədə yer alıb. O, bu qolları 994 görüşdə vurub. Dünya futbolunun əfsanəsi braziliyalı Pele iştirak etdiyi 831 rəsmi qarşılaşmada 767 qolla üçüncüdür. Dördüncü yerdə 754 oyunda 746 qol vuran macarıstanlı Ferens Puşkaş, beşinci sırada isə 793 görüşdə 735 dəfə fərqlənən almaniyalı Gerd Muller qərarlaşıblar.
Kriştiano Ronaldonun ən böyük rəqibi "Barselona”nın argentinalı hücumçusu Lionel Messi isə 855 oyunda 678 qol ilə siyahıda yeddincidir.
Qeyd edək ki, portuqaliyalı hücumçu 2018-ci ilin yayında "Real Madrid”dən Turin təmsilçisinə transfer olunub. O, cari mövsümdə 36 oyunda 19 dəfə fərqlənib və 8 məhsuldar ötürmə verib. Ötən gün "Atletiko Madrid” ilə cavab qarşılaşmasında het-trik edən portuqaliyalı hücumçu komandasının dörddəbir finala yüksəlməsində həlledici rol oynayıb.