Cocuq Mərcanlıda YEL ÇƏRŞƏNBƏSİ
12.03.2019
Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinləri Novruz çərşənbələrinin üçüncüsünü - Yel çərşənbəsini böyük sevinclə qeyd ediblər.
Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Cəbrayıl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Qayıdış" parkında keçirilən bayram tədbirində kənd sakinləri ilə yanaşı, qonaqlar və N saylı hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Tədbir iştirakçıları Biləsuvar, Kürdəmir və Sabirabad regional mədəniyyət idarələrinin təşkil etdiyi dekorativ-tətbiqi sənət sərgisi, el sənətkarlarının əl işləri, rəsm əsərləri, milli mətbəx nümunələri ilə tanış olublar. Sərgidə bayram xonçaları, müxtəlif növ şirniyyatlar, səmənilər və xalçalar nümayiş olunub.
Bayram tonqalı qalanıb, nağara ifaçılarının və rəqs qrupunun çıxışları, Kosa və Keçəlin zarafatları iştirakçılarda xoş əhval-ruhiyyə yaradıb.
Şənlikdə çıxış edən mədəniyyət nazirinin müavini Rafiq Bayramov cocuq mərcanlılıları baharın gəlişi münasibətilə təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və əmin-amanlıq arzulayıb. Bildirib ki, 2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan Ordusu tərəfindən azad edilən və dövlət başçısının xüsusi diqqəti sayəsində qısa müddətdə yenidən qurulan Cocuq Mərcanlıda bayram tədbirinin keçirilməsi böyük rəmzi məna daşıyır. Bu, bir daha göstərir ki, biz bütün işğal olunmuş torpaqlarımızı azad edəcəyik.
"1994-cü ildə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə ordumuzun həyata keçirdiyi və müasir hərb tariximizə azadlıq döyüşü kimi yazılan uğurlu Horadiz əməliyyatı zamanı Füzuli rayonunun 22 kəndi ilə bərabər, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi də işğaldan azad edilib. 2016-cı ilin aprelində Azərbaycan Ordusu Ermənistan işğalçıları qüvvələrinin təxribatına layiqli cavab verməklə tariximizə daha bir şanlı səhifə yazdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu əks-hücum əməliyyatı nəticəsində minlərlə hektar torpağımız, o cümlədən Lələtəpə yüksəkliyi işğaldan azad olundu. Ordumuz strateji əhəmiyyətli əraziləri nəzarətə götürdü. Nəticədə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində həyat öz axarına döndü. Sakinlərin öz kəndində yenidən məskunlaşması doğma yurda böyük qayıdışın başlanğıcı oldu. Bu qayıdış əsl qəhrəmanlıq salnaməsi, torpağa bağlılığın parlaq nümunəsidir”, - deyə nazir müavini bildirib.
Bayram tədbiri incəsənət ustalarının, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı üzvlərinin, Cocuq Mərcanlı kənd tam orta məktəbinin "Vətənpərvərlər" qrupunun ifasında rəngarəng konsert proqramı ilə davam edib.
Kənd sakini Şahsuvar Hüseynov bayram sevincini belə ifadə edib: "Bizim üçün ən sevincli gündür. Uzun illər əziz bayramımız olan Novruzu doğma yurdumuzdan kənarda qeyd etmişik. Hər zaman ən böyük diləyimiz doğma yurdumuza qayıtmaq, Novruzu kəndimizdə keçirmək olub. İndi bu istəyimizə çatmışıq. Bu çərşənbədə isə ən böyük arzumuz bütün köçkünlərin yurd-yuvalarına dönməsi və Novruz tonqallarının işğaldan azad edilmiş digər torpaqlarımızda da qalanmasıdır”.
Biləsuvar rayonunda məskunlaşan Cəbrayıl rayonundan məcburi köçkün, Prezident təqaüdçüsü Kamilxan Rüstəmova isə deyib: "Bu çərşənbə bayramında ölkəmizin digər yerlərində məskunlaşmış Cəbrayıl sakinləri də cocuq mərcanlılılar kimi böyük sevinclə iştirak edirlər. Ən böyük arzumuz odur ki, işğal altında olan bütün torpaqlarımız azad edilsin, belə bayram tədbirləri Qarabağımızın digər kənd və şəhərlərində də keçirilsin. Əminik ki, bu arzumuza da çatacağıq".
Bayram tədbirində iştirak edən Xalq artisti Gülyanaq Məmmədova jurnalistlərə müsahibəsində təəssüratlarını bölüşüb: "Bu torpağa gələndə çox kövrəldim. Mən bura gələndə evdə uşaqlarım dedilər ki, Zəngilan dağlarının şəklini çək gətir. Çünki onların nənəsi-babası bu torpaqlardandır. Bizim qəlbimiz hər zaman Qarabağımızla döyünür. Çox şadam ki, bu gün Cocuq Mərcanlıdayam. İnşallah, ansamblımla birgə burada solo konsert verməyi də planlaşdırıram".
Beləcə Cocuq Mərcanlı sakinləri qarşıdan gələn Novruz bayramını doğma yurdlarında böyük sevinclə, ruh yüksəkliyi ilə qeyd edirlər. Onların ümumi arzusu ondan ibarətdir ki, Qarabağımızın digər torpaqları da işğaldan azad edilsin, bütün məcburi köçkünlər öz yurd-yuvalarına qayıtsınlar, belə bayram tonqalları orada da qalansın.