U61116 reysi ilə Bəhreyndən Moskvaya uçan Ural Hava Yollarına məxsus təyyarə Bakıya məcburi eniş edib.
Bu barədə "Ura.nyus” saytı informasiya yayıb.
Bakıya planlaşdırılmamış eniş barədə informasiya "Flightradar24.com” tərəfindən də təsdiqlənib. Burada təyyarənin Bəhreyndən qalxdıqdan sonra İran üzərindən keçdiyi, Xəzər dənizi yaxınlığında alçalmağa başladığı, iki dəfə kiçik dairə vurduğu və Bakıya eniş etdiyi göstərilib.
Heydər Əliyev Beynəlxalq Aeroportu da məsələ ilə bağlı açıqlama yayıb.
Açıqlamada bildirilib ki, Bəhreyn şəhərindən Moskva şəhərinə uçan Ural Hava Yolları şirkətinə məxsus Airbus A321 təyyarəsi bazar ertəsi Bakı vaxtı ilə saat 14:56-da Heydər Əliyev Beynəlxalq Aeroportunda müvəffəqiyyətlə eniş edib.
"Hava gəmisinin qəza enişinə səbəb – HG kapitanının hava gəmisində bombanın olmasından şübhələnməsi ilə bağlıdır. Hava limanının bütün qəza-xilasetmə xidmətləri həyəcan siqnalıyla ayağa qaldırılıb və hazır vəziyyətə gətirilib. Hava gəmisində ekipaj üzvləri də daxil olmaqla, ümumilikdə, 225 nəfər olub. HG komandiri sərnişinlərin təcili təxliyyəsi barədə qərar qəbul edib", - deyə məlumatda bildirilib.