Taksi sürücülərinə qoyulan tələblər BUNLARDIR
11.03.2019
Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobili ilə sərnişin daşımalarına taksi sürücüsü qismində ən azı 2 il təcrübəsi olan şəxslər buraxılacaq.
"Dövran Media" xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) məlumat yayıb.
DANX bildirib ki, Bakı Taksi Xidməti MMC-nin sürücülərə qoyduğu tələblər aşağıdakılardır:
"Beynəlxalq hava limanında daşıma xidmətləri göstərən taksi minik avtomobillərinin sürücüləri hava limanlarında sərnişindaşımanın xüsusiyyətlərinə dair hazırlıq keçməlidirlər.
Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin sürücüləri vahid xüsusi geyim formasında olmalıdırlar.
Beynəlxalq hava limanında xidmət üçün istifadə olunan taksi minik avtomobillərinin sürücüləri həm də ingilis dilində sadə ünsiyyət üçün təməl bilgilərə malik olmalıdırlar”.
DANX qeyd edib ki, MMC-yə məxsus "London taksiləri” ilə beynəlxalq hava limanında xidmət göstərən taksilər və sürücülər bütün bu kriteriyalara tam cavab verir.