İsrail Ermənistana silah verməyəcək - AÇIQLAMA
10.03.2019
Əlbəttə ki, Ermənistan İsraildən silah almaq istəyir. Azərbaycan artıq uzun illərdir İsraildən yalnız hücum silahları deyil, eyni zamanda müdafiə təyinatlı silahlar alır. Bu gün Azərbaycan ordusu Ermənistan ordusundan həm əhval-ruhiyyə, həm texniki təminat, həmdə gözlənilməz təxribatlar zamanı əhalisini qorumaq imkanları baxımından birbaşa üstündür. Bununla yanaşı birdən Azərbaycan güc istifadə etmək istəsə, Ermənistanın qarşı duracağı bir şeyi yoxdur. Bir neçə il bundan əvvəl biz bunu gördük. Ermənistanın qarşı dura bildiyi yeganə şey real müqavimət deyil, dünyanın siyasi liderlərinə hücum idi.
"Dövran Media" xəbər verir ki, bu sözləri Ermənistanın son günlərdə İsraillə münasibətləri yaxşılaşdırmaq cəhdləri barədə danışan İsrailli politoloq, "AzİZ” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak deyib.
Paşinyan yaxşı başa düşür ki, İsraildən silah almaq və Azərbaycana silah satışını dayandırmaq üçün bir ziyarət kifayət edə bilməz. Əminəm ki, o, geri çəkilməyəcək və var gücü ilə İsraillə münasibətləri yaxşılaşdırmağa, siyasətçi və jurnalistlərin Ermənistana qarşı fikirlərini dəyişməyə çalışacaq”, - ekspert qeyd edib.
Spivakın sözlərinə görə, İsrailin Ermənistana silah satması ehtimalı çox aşağıdır. Bunun tək səbəbi isə yalnız Azərbaycanla İsrail arasındakı sıx münasibətlər deyil:
"Azərbaycan İsrail üçün çox vacibdir. Bunu İsraildə hər kəs başa düşür. Ancaq eyni zamanda İranla da münasibətlər var. İsraildə gözəl başa düşürlər ki, Ermənistana verilmiş istənilən silahın sabah İranın əlinə keçməsi ehtimalı olduqca yüksəkdir. Bu vəziyyət qətiyyən yolverilməzdir”.