Türkiyə həqiqətən Qərbdən uzaqlaşır? - AÇIQLAMA
09.03.2019
Türkiyə S-400-lər almaqla Qərbdən uzaqlaşmağa hazırlaşmır.
"Dövran Media" xəbər verir ki, bu sözlər türkiyəli yazar Barış Dosterin "Cümhuriyyət” qəzetində dərc olunan köşə yazısında yer alıb.
"Türkiyənin Rusiyadan S-400 alması qətiyyət göstərmək baxımından önəmlidir. Lakin bunu şişirdib, Türkiyə-ABŞ əlaqələrində parçalanmaya səbəb olacağını söyləmək çox çətindir. Belə ki, ABŞ-ın Türkiyənin siyasəti, bürokratiyası, ordusu, iqtisadiyyatı üzərində güclü nüfuzu var, üstəlik, hazırkı iqtidar ölkə tarixinin indiyə qədər gördüyü ən amerikayönlü qüvvələrdən biridir.
Hazırda əsas məsələ S-400 alışının Qərbdən strateji ayrılmaya səbəb olub-olmayacağıdır. Rusiyadan S-400 alarkən, ABŞ-dan da "Patriot" üçün qiymət istəməsi, əslində balans axtarmağın sübutudur. Hava hücumundan müdafiəni gücləndirmək məsələsinə gəlincə isə Ankara Fransa və İtaliyanın birgə şirkəti olan "Avrosam”la razılaşdı. Razılaşma yeni nəsil hava hücumundan müdafiə sistemlərinin tədarükü, istehsalı, inkişaf etdirilməsi və ixracını özündə ehtiva edir. Bu da Türkiyəni Qərbdən qopmadığını, ondan uzaqlaşmaq niyyətinin olmadığını göstərən həmlədir.
Türkiyə bundan sonrakı dönəmdə ABŞ-dan asılılığını Rusiyadan asılılıqla əvəz etməməlidir. Ankara öz hava hücumundan müdafiə sistemini inkişaf etdirməlidir”, – deyə o bildirib.