Xaricilərə torpaq satışı qadağan edilir
09.03.2019
Gürcüstan hökuməti xarici vətəndaşlara satılmış torpaqlardan istifadə qaydalarını sərtləşdirib. Qanunlara təklif olunan dəyişikliyə əsasən mülkiyyətçi torpaqdan istifadə etmədikdə hər hektar üçün müəyyən məbləğdə cərimə ödəməli olacaq.
Bu hal bir neçə dəfə təkrar olunduqda isə cərimələrin miqdarı artırılacaq və son nəticədə torpaq mülkiyyətçidən geri alınacaq.
Qeyd edək ki, 2018-ci il dekabrın 16-da qüvvəyə minmiş yeni konstitusiyaya əsasən kənd təsərrüfatı torpaqlarının xarici vətəndaşlara satışı da qadağan edilib. Konstitusiyaya edilən dəyişiklikdə deyilir ki, kənd təsərrüfatı torpağı sosial resurs kimi yalnız dövlətə, özünüidarəetmə orqanlarına, Gürcüstan vətəndaşı və ya vətəndaşlarının birliyinə məxsus ola bilər.
Bununla da ölkənin əsas qanunu ilə kənd təsərrüfatı torpaqlarının xarici vətəndaşlara satılması qadağan olunub.
İqtisadçı ekspertlərin fikrincə, bu, Gürcüstana xarici sərmayələrin axının qarşısını alacaq. Onlar bildirirlər ki, bu, artıq bəzi sahələrə, xüsusən də kənd təsərrüfatına sərmayə qoyuluşunun azalmasında özünü göstərir.
Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili parlamentdə çıxışı zamanı deyib ki, torpaq sahələrinin əcnəbi vətəndaşların adına qeydiyyata alınmasının məhdudlaşdırılması investisiyalara mənfi təsir göstərməyib.
Onun sözlərinə görə, kənd təsərrüfatına xarici investisiyaların cəlb olunması əsas vəzifələrdən biridir. Ölkə konstitusiyasına edilmiş müvafiq dəyişikliklərdən sonra bu sahəyə investisiya qoyuluşu sabit olaraq qalır.
"Konstitusiyaya edilmiş dəyişikliklər mülkiyyət məsələsini düzgün və ədalətli olaraq tənzimləyir. Bizim vətəndaşlar kənd təsərrüfatı torpaqlarının saxlanılması ilə bağlı məsuliyyət daşıyır və bu sahədə əcnəbilərin də müxtəlif formada iştirakına imkan yaradılır. Bu, düzgün və balanslaşdırılmış yanaşmadır”, – deyə nazir vurğulayıb.
Bildirilib ki, hazırda ölkədə kənd təsərrüfatına yararlı 45-50 min hektar torpaq sahəsi əcnəbilərin mülkiyyətindədir.
Parlamentdə əcnəbi torpaq sahiblərinə qarşı müəyyən sanksiyaların, o cümlədən öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə, torpaqların müsadirə olunmasının tətbiqi məsələsi müzakirə edilir.