“Bu tarixə qədər bütün kompensasiyalar ödəniləcək” - QASIMLI
06.03.2019
"Prezdentin problemli kreditlərlə bağlı fərmanı 10 min ABŞ dollarından çox kredit götürənlərə o zaman şamil edilir ki, onlar 21 fevral 2015-ci ilə qədər kreditinin müəyyən qədər hissəsini ödəyib və 10 min ABŞ dolları qalıq borcu qalıb”.
Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin sədri Vüsal Qasımlı deyib. O bildirib ki, kredit probleminin həlli ilə əlaqədar vətəndaşlar banklara dəvət olunacaq:
"Martın 15-nə qədər Azərbaycanda fiziki şəxslərə kompensasiya ödənilməsi ilə bağlı qaydalar təsdiqlənəcək. Bir ay müddətində isə fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı prezident fərmanının əhatə dairəsinə düşən vətəndaşların siyahısı tam hazır olacaq. Bundan sonra onlara ödəniləcək kompensasiyanın məbləği tam müəyyənləşəcək və Maliyyə Bazarlarına Nəzarət Palatasının internet səhifəsində açıqlanacaq".
V.Qasımlının sözlərinə görə, hər bir vətəndaş şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etməklə ona düşəcək kompensasiyanın məbləğini öyrənə biləcək: "Vətəndaşlara bildirmək istəyirik ki, tələsməsinlər, hər kəs bir dəfə banka dəvət olunacaq. May ayının sonuna qədər bütün kompensasiyalar tam ödəniləcək".