İbrahimovun məhkəməsinə zərərçəkmişlər məcburi gətiriləcək
06.03.2019
Nazim İbrahimovun qardaşının məhkəməsinə zərərçəkmişlər məcburi gətiriləcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimovun qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmənin prosesi davam etdirilib.
"Dövran Media" xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Telman Quliyev ifadə verib.
O, S.İbrahimovu tanımadığını, 2014-cü ildə "Avesta" şirkətindən ev aldığını, daha sonra həmin mənzili iki iki otaqlı mənzillə dəyişdiyini deyib: "Həmin evlərdən biri başqa şəxsə satılmışdı. Məni içəri belə buraxmadılar. Mən həmin evə görə şikayətçiyəm".
Təqsirlğndirilən şəxs söyləyib ki, zərərçəkmişin qeyd etdiyi mənzilə heç bir aidiyyatı yoxdur.
Məhkəmədə elan olunub ki, iş üzrə dindirilməmiş 12 zərərçəkmiş ifadə verməyib, onlar məhkəmə çağırışlarına əməl etmirlər.
Məhkəmə həmih zərərçəkmişlər barəsində məcburi gətirilmə qərarı çıxarıb.
Proses aprelin 3-də davam etdiriləcək.
Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.
Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər.
Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə isə onlara 2 milyon manat ziyan dəyib.