Prezident aktyora zəng vurdu - Sensasion MƏQAM
06.03.2019
Prezident İlham Əliyev xalq artisti Rasim Balayevlə telefonla danışıb.
"Dövran Media" xəbər verir ki, bu barədə Rasim Balayev Ölkə.az-a özü məlumat verib.
"Təxminən on dəqiqə əvvəl cənab Prezident mənimlə telefonla danışdı. Bildirdi ki, bu, bizim sənə münasibətimiz deyil, siyahını hazırlayanların günahıdır. Mən də təşəkkürümü bildirdim. Bildirdi ki, bu il kino sahəsinə 5 milyon ayrıldı. Növbəti ildən kinoya vəsait ayrılması büdcəyə salınacaq. Məndən soruşdu ki, görüşdə iştirak etsəydin, nə təklifin olacaqdı? Bildirdim ki, mənim təkliflərim Mehriban Zəkinin fikirləri ilə üst-üstə düşür".
Qeyd edək ki, 1 martda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə mədəniyyət və incəsənət xadimlərinin görüşündə çıxış edən Mehriban Zəki "Nəsimi” filminin onu sənətə bağlamağından danışmışdı. Bildirmişdi ki, keçən ilin sentyabr aynda Heydər Əliyev Fondunun və şəxsən Leyla xanımın təşəbbüsü ilə Nəsimi festivalı keçirildi:
"Bakıda, Moskvada bu tədbirdə fəal şəkildə iştirak etdim. Cənab Prezident, bu il Sizin Sərəncamınızla elan edilən "Nəsimi ili” ilə bağlı təşkil olunan bütün tədbirlərdə fəal şəkildə iştirak edəcəyəm. Həm Bakıda, həm bölgələrdə öz təşəbbüsümlə tədbirlər təşkil edəcəyəm, xaricdə də tədbirlərdə iştirak edəcəyəm. Mən niyə Nəsimidən danışdım? Çünki mədəniyyətdə və dövlətçilikdə kino çox böyük bir rol oynayır, çox böyük bir maarifləndirmə vasitəsidir. Mən bu gün teatr-kino aktrisasıyam. İki universitetdə müəllim işləyirəm və tələbələrim var ki, çox istedadlıdırlar. Çox istedadlı gənc nəslimiz yetişir”.
M.Zəki son vaxtlar filmlərimizin inkişafının, çəkilməsinin avazıdığını demişdi:
"Kinostudiyamızın divarları soyuyub. Ona görə, cənab Prezident, mənim o uşaqlıq arzum olan kinostudiyada coşqun həyat, sənət eşqi davam etsin, diqqətinizi bir daha oraya yönəltmək istərdim. Sizə təşəkkür edirəm”.