Millimiz dünya çempionlarına qarşı
05.03.2019
Bu gün Qazaxıstanın paytaxtı Astanada kişi və qadın şahmatçılar arasında komandalar üzrə dünya çempionatına start veriləcək.
"Dövran Media" daha əvvəl xəbər verdiyi kimi, ölkəmizi bu mötəbər yarışda yalnız kişilərdən ibarət yığma komanda təmsil edəcək. Milli komandamız son Avropa çempionu kimi bu mötəbər turnirdə iştirak etmək hüququnu əldə edib.
Kişilərin yarışında Azərbaycan yığmasından başqa Rusiya, Çin, İngiltərə, Hindistan, ABŞ, İran, Qazaxıstan, İsveç və Misir yığmaları mübarizə aparacaqlar. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovsuz FIDE reytinqi üzrə üçüncü olan millimiz ilk turda çempionluğa namizəd komanda ilə qarşılaşacaq. Rəqib reytinqdə Rusiyadan sonra ikinci sırada olan, son dünya çempionu Çindir.
Komandamız Rauf Məmmədov (2701), Qədir Hüseynov (2664), Eltac Səfərli (2662) və Nicat Abbasovla (2627) təmsil olunacaq. Qarşı tərəfdə müvafiq olaraq rəqiblər Dinq Liren (2812), Yu Yanqyi (2761), Vey Yi (2733) və Bu Sianqjidir (2731).
Bundan başqa, Hindistan İsveçlə, İran Rusiya ilə, Misir ABŞ-la və İngiltərə Qazaxıstanla qarşılaşacaq. Görüşlər Bakı vaxtı ilə saat 13:00-da başlayacaq.
Qeyd edək ki, qadınlarda isə Ukrayna, Rusiya, Çin, Qazaxıstan, Misir, Ermənistan, Macarıstan, Hindistan, ABŞ və Gürcüstan yığmaları çıxış edəcəklər. Yarış dairəvi sistemlə doqquz turdan ibarət olacaq.