R.Mehdiyev "Milli ideya cəmiyyətin və dövlətin mənasıdır"
13.03.2018
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin ikicildiyi çapdan çıxıb.
"Dövran Media" xəbər verir ki, kitablar Moskvada – birinci kitab "Stolitsa” nəşriyyatında, ikinci kitab isə "Politiçeskaya ensiklopediya” nəşriyyatında buraxılıb.
PA rəhbərinin birinci kitabı "Milli ideyanın formalaşmasında tarixin dərk edilməsinin faydası” adlanır.
Müəllif birinci kitaba ön sözdə vurğulayır ki, müstəqil dövlətin mövcudluğu faktının özü Azərbaycanın intellektual fikrinin Azərbaycan cəmiyyətinin mövcudluğunun mənasının, həmçinin "bu ideya necə olmalıdır, onun mahiyyəti, təyinatı, məzmunu nədən ibarətdir, o, nəyə söykənir” suallarına cavab axtarışına yönəlmiş ideallar, dünyagörüşü oriyentasiyaları və dəyərləri kimi prioritet kompleks olan "milli ideya” tərəfə yönəlməsi üçün əsas verir. Müəllif xüsusi vurğulayır ki, bütün bu suallar elmi cavab tələb edir. O əmindir ki, yalnız bundan sonra bizim gələcəyə yolumuzu işıqlandıracaq milli ideyanı müəyyənləşdirə bilərik.
Akademik yazır: "Milli ideya cəmiyyətin və dövlətin mənasıdır, bu məna olmasa, istər cəmiyyətin, istərsə də dövlətin gələcəyi yoxdur, tarixən məhvə məhkumdur”.
R. Mehdiyevin ikinci kitabı "Qlobal transformasiyalar dövründə Azərbaycan milli ideyası” adlanır. Bu kitab XX əsrin sonunda müstəqil Azərbaycan dövlətinin yaranması probleminin təhlilinə həsr edilib.
Müəllifin ikinci kitabında milli ideyanın formalaşmasının tarixi məqamlarının tədqiqinin davamı kimi, Azərbaycanın müstəqilliyinin ilk illərində baş verən proseslər ətraflı təhlil edilir, dövlət quruculuğunun struktur xassələri açıqlanır, milli ideyanın və dövlətçiliyin formalaşması üçün zəruri olan əsas elementlər nəzərdən keçirilir.