Onlara yaş məhdudiyyəti qoyulacaq
28.02.2019
Azərbaycanda 35 yaşı tamam olan şəxslərin gənclər təşkilatlarının üzvü olması qadağan edilir
Azərbaycanda gənclər təşkilatlarının üzvlərinə yaş məhdudiyyəti tətbiq edilir.Bununla bağlı "Gənclər siyasəti haqqında” qanuna yeni müddəanın daxil edilməsi təklif olunur.
Qanuna əlavə edilən 9-1-ci (Gənclər təşkilatları) maddəsinə əsasən, gənclər təşkilatları gənclərin problemlərinin müəyyən edilməsi, həlli, hüquqlarının müdafiəsi, mənəvi tələbatlarının ödənilməsi və s. məqsədilə 16 yaşdan 35 yaşınadək olan fiziki şəxslər tərəfindən təsis edilən qeyri-hökumət təşkilatlarıdır.
Gənclər təşkilatlarının üzvlərinin həmin təşkilatlarda üzvlüyünə onların 35 yaşı tamam olduğu andan xitam verilir.
Gənclər təşkilatına üzvlərin qəbulu və onların üzvlüyünə xitam verilməsi şərtləri və qaydası gənclər təşkilatının nizamnaməsi ilə müəyyən edilir.
Parlamentdə qanun layihəsi ikinci oxunuş üçün müzakirəyə çıxarılanda yaş məhdudiyyətinin gənclər təşkilatlarının təsisçilərinə tətbiq edilməsi təklif edilirdi. Lakin bu məsələ narazılığa səbəb olduğundan həmin hissə dəyişiklik layihəsindən çıxarılıb.
Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.