Mərkəzi Bank 2018-ci ildə çevik məzənnə rejimini saxlayacaq
29.12.2017
Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla Mərkəzi Bank 2018-ci ildə konservativ pul siyasətini davam etdirəcək. Bunun üçün Mərkəzi Bank adekvat monetar şəraitin formalaşmasını təmin edəcək.
Bu barədə Azərbaycan Mərkəzi Bankının 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.
Bəyanatda bildirilir ki, faiz dəhlizinin parametrləri iqtisadi tsikl göstəriciləri, inflyasiya riskləri balansının təhlili və maliyyə bazarlarının müxtəlif seqmentlərində gedən proseslər nəzərə alınmaqla müəyyənləşdiriləcək. Mərkəzi Bank inflyasiyanın dinamikasını və inflyasiya gözləntilərini nəzərə alaraq uçot dərəcəsinin real səviyyəsinin pozitiv zonada qalmasına üstünlük verəcək.
Xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər.
Pul təklifinin həcmi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcək. Bununla belə ödənişlərin fasiləsizliyini təmin etmək, iqtisadiyyatın zəruri həcmdə likvidliyə olan tələbatını ödəmək bundan sonra da diqqətdə saxlanacaq.