Genlər xarakterə də təsir edirmiş
26.02.2019
Ənənəvi olaraq belə hesab edilir ki, xarakterin xüsusiyyətlərini ilk növbədə mühit və tərbiyə formalaşdırır. Lakin Amerika alimləri sübut ediblər ki, şəxsiyyətin xarakterinin formalaşmasına genlər də ciddi təsir göstərir.
AZƏRTAC xəbər verir ki, gözün rəngi və ya burunun forması kimi fiziki xüsusiyyətlərin valideynlərdən uşaqlara necə ötürüldüyü genetiklərə yaxşı məlumdur. Lakin bir çox psixoloji xüsusiyyətləri də çox vaxt irsiyyət müəyyən edir. Pensilvaniya Universitetinin bir qrup tədqiqatçısı uşaqların xarakterindəki müsbət xüsusiyyətlərin formalaşmasına valideynlərin genlərinin töhfəsini müəyyən etmək qərarına gəlib. Komanda 720 cüt bacı və qardaş, o cümlədən ögey bacı və qardaşlar barədə məlumatlardan istifadə edib. Belə müxtəliflik genetik faktorların təsirini ümumi mühit və tərbiyədən fərqləndirməyə imkan verib.
İştirakçıların psixoloji xüsusiyyətləri yeniyetmə yaşında və yetkinlik yaşından sonra test edilib. Tədqiqatçılar valideynlərin davranışını – onların nə dərəcədə qayğıkeş olduğunu, münaqişələrə, habelə uşaqlarını danlamağa və ya tərifləməyə meyilli olub-olmadıqlarını, qiymətləndiriblər.
Təhlil göstərib ki, xarakterin, məsələn, məsuliyyətlilik və vicdanlılıq kimi müsbət xüsusiyyətlərini qismən irsiyyət müəyyən edir. Lakin tərbiyədən də çox şey asılıdır.
Tədqiqatçıların fikrincə, nəticələr irsiyyət və tərbiyə arasında mürəkkəb qarşılıqlı əlaqənin olduğunu göstərir. Məsələn, əgər uşaq "doğru” davranışa meyillidirsə, valideynlər onun xarakterində müsbət xüsusiyyətlərin inkişafına kömək edirlər. Lakin bunun tam əksi də ola bilər.
Müəlliflər bildirirlər ki, genlər insanın xarakterini onun fiziki cəhətləri kimi dəqiq müəyyən etməsə də, onların təsirini danmaq olmaz. Bu, uşaqların tərbiyəsində səhvlərin qarşısını almağa kömək edir.
Genlərdə təkcə xarakterin xüsusiyyətləri deyil, həm də zərərli vərdişlər kodlaşdırılıb. Beynəlxalq miqyasda aparılan tədqiqatın nəticələrinə görə, tütünə və alkoqola meyillilik çox vaxt irsi faktorlarla bağlı olur.