İran prezidenti istefanı qəbul etmədi
26.02.2019
İran Prezidenti Həsən Ruhani xarici işlər naziri Cavad Zərifin istefasını qəbul etməyib.
Bu barədə xarici siyasət idarəsinin rəsmi nümayəndəsi Bəhram Hasemi teleqram-kanalda məlumat yayıb.
Bundan əvvəl Cavad Zərif istefaya getdiyini elan etmişdi. O, bir qədər sonra "Jomhouri Islami” qəzetinə müsahibəsində bildirmişdi ki, partiya və fraksiyaların mübarizəsi İranın xarici siyasəti üçün "öldürücü zəhər” olacaq. Onun sözlərinə görə, razılaşma və daxili konsensus tələb edən xarici siyasət milli etimada əsaslanmalıdır.
İran parlamentinin 160 deputatı Həsən Ruhaniyə məktub ünvanlayaraq Cavad Zərifi xarici işlər naziri postunda saxlamağı xahiş edib. Prezident bu gün ölkənin Xarici İşlər Nazirliyinə və digər idarələrə minnətdarlığını bildirərək qeyd edib ki, onlar ABŞ-ın İran əleyhinə siyasəti ilə mübarizəyə mühüm töhfə verirlər. Həsən Ruhani bu mübarizənin önündə gedənlərdən birinin də Cavad Zərif olduğunu deyib.
Xatırladaq ki, Cavad Zərif xarici işlər naziri postuna 2013-cü ilin avqustunda təyin olunub və onun xidmətləri siyahısında İranın nüvə proqramı üzrə sazişin imzalanması da var.