CBC TV Xocalıya aid filmin nümayişindən imtina edib? - ACIQLAMA
25.02.2019
2019-cu il fevralın 23-də bəzi KİV-lərdə məlumat yayılıb ki, Xocalı soyqırımından bəhs edən "Sonsuz dəhliz" ("Endless Corridor") filminin müəlliflərinin Azərbaycandakı tərəfdaşları filmin rus versiyasını efirdə yayımlamaq məqsədilə CBC telekanalına təqdim ediblər, lakin telekanal filmi göstərməkdən guya imtina edib.
"Dövran Media"bildirir ki, bununla bağlı CBC TV-dən Milli.Az-a verilən açıqlamaya görə, bu məlumatın həqiqətə uyğun olmadığını qeyd edən televiziya rəhbərliyi bildirir ki, həmin KİV-lər bu məlumatı dərc etməzdən əvvəl dəqiqləşdirmək məqsədilə CBC TV-yə müraciət etməyib və məsələ ilə əlaqədar onların mövqeyini öyrənməyib:
"Əslində, "Sonsuz Dəhliz" filmi CBC telekanalının efir proqramına daxil edilib və film 2019-cu il fevralın 24-də saat 22:00-da nümayiş etdirilib. Film fevralın 25-26-da da CBC TV-də yayımlanacaq. Məlumat üçün bildiririk ki, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanuna edilmiş son dəyişikliyə əsasən, siqaret ve tütünçəkmə görüntülərinin televiziya və videofilmlərdə açıq yayımlanması qadağan edildikdən sonra MTRŞ bütün telekanallar qarşısında bu dəyişiklikdən irəli gələn tələblər qoyduğu üçün CBC TV TEAS Press-in filmlə bağlı telekanala müraciət edən əməkdaşına filmdə siqaret olan kadrların üstünün bağlanması və bundan başqa digər bəzi kiçik üslub düzəlişləri edilməsini təklif edib. Lakin filmi təqdim edən qurumun əməkdaşı bildirib ki, film Litvada hazırlanıb, buna görə də həmin qeydləri etmək çətin olacaq.
Bu məlumatı nəzərə alan televiziya kanalının rəhbərliyi yalnız siqaret görüntülərinin üstünü örtməklə müfaviq əməkdaşlara "Sonsuz dəhliz" filmini nümayiş üçün hazırlamaq göstərişi verib. Bu prosesdən sonra film efir proqramına daxil edilib.
Hamıya məlumdur ki, 2016-cı ilin aprelində ermənilərin növbəti təxribatının qarşısını alarkən Azərbaycan ordusunun göstərdiyi qəhrəmanlıqlar haqda CBC telekanalının nümayiş etdirdiyi videokadrlara dünyanın bir çox beynəlxalq telekanalı, o cümlədən Rusiyanın aparıcı NTV, ORT, Rossiya 24 kimi kanalları istinad etmişdi.
CBC telekanalının bu filmi göstərməkdən imtina etməsi haqda həqiqətə uyğun olmayan məlumat dərc etmək, illərdir Qarabağ həqiqətlərini dünyaya yaymaqla məşğul olan və bu sahədə çoxlu nailəyyəti olan CBC kimi bir televiziya kanalında düşmən və xain axtarmaq cəhdləri, dəqiqləşdirilmədən yayılan informasiyalar, başqa sözlə, indi dünyanı bürüyən "fake news"- saxta xəbərləmə texnologiyasının daha bir nümunəsidir".