Dünyanın ilki təqdim edildi - VİDEO
25.02.2019
"Nokia” ticarət nişanı altında smartfonlar buraxan "HMD Global” (Finlandiya) şirkəti dünyanın ilk beşkameralı mobil telefonunu təqdim edib.
Bu barədə şirkətin pres-relizində deyilir.
"Nokia 9 PureView” arxa panelində "Zeiss” optikası ilə təchiz olunub. İstehsalçılar əmin edir ki, təsvirin beş kamera ilə avtomatik şəkildə əlaqələndirilməsi fokusu çəkilişdən sonra belə nizamlamağa imkan verir. "Müstəsna dinamik diapazon” hesabına təsvirlər 12 meqapiksel ölçüdə əldə olunur.
"HMD Global”a görə, bu smartfon məhz peşəkar fotoqraflar üçün nəzərdə tutulub. Qadjetlə sıxılmamış RAW formatında çəkmək və təsviri birbaşa cihazda nizamlamaq olur.
"Nokia 9 PureView” altı düymlük ekrana malikdir və Qualcomm Snapdragon 845 prosessoru ilə təchiz olunub. Əməli yaddaşı 6 giqabayt, fiziki yaddaşı 128 giqabaytdır.
ABŞ-da onun 699 dollardan başlayan qiymətlərlə satışa çıxarılacağı bildirilir. Habelə Avropa və Asiyada qiymətin bazar şəraitindən asılı olaraq dəyişə biləcəyi bildirilir.