Brüsseldə Qarabağ mitinqi olacaq - VİDEO
23.02.2019
Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edib.
Müraciətdə deyilir:
"Əziz həmvətənlər, dəyərli soydaşlar!
Azərbaycan xalqı hər zaman ümummilli məsələlərdə birlik və bərabərlik nümayiş etdirib. Xaricdə yaşayan soydaşlarımız Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında daim fəallıq göstərərək Azərbaycanı narahat edən problemlərə biganə qalmayıblar.
Hər birimizə məlum olduğu kimi, Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsindəyik. Bununla əlaqədar olaraq, dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə 23 fevralda, yerli vaxtla saat 14:00-da Avropanın siyasi mərkəzi olan Brüsseldə Ümumavropa Qarabağ mitinqi keçiriləcək.
Mitinq zamanı yüzlərlə soydaşımız "Azərbaycan sülh istəyir!”, "Qarabağa geri qayıtmaq istəyirik!” "Xocalıya ədalət!”, "Dilqəm və Şahbaza azadlıq!” şüarları ilə Avropa Parlamentinə və digər nüfuzlu beynəlxalq təşkilatlara çağırış edəcəklər.
Əziz soydaşlarımız, Sizləri mitinqdə fəal olmağa, haqq səsimizin beynəlxalq aləmə çatdırılmasında aktiv iştirak etməyə çağırırıq.
Dəyərli həmvətənlərimiz, bu, həm Xocalı soyqırımı qurbanlarının, həm də şəhidlərimizin müqəddəs ruhları qarşısında mənəvi borcumuzdur”.