Nazarbayev hökuməti istefaya göndərdi
21.02.2019
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkə hökumətini istefaya göndərib.
Report xəbər verir ki, prezident qeyd edib ki, hökumət Milli Bankla birlikdə iqtisadiyyatın keyfiyyətli artımı üçün real stimul və alətlər yaratmağı bacarmayıb.
"Öncəki illərdə sosial-iqtisadi vəziyyət sabit olub. Bu, əlbəttə ki, müsbət haldır. Amma indiki zəmanə üçün bu, kifayət deyil", - N.Nazarbayev deyib.
Onun sözlərinə görə, icra orqanlarının formal yanaşması nəticəsində əhalinin sosial cəhətdən həssas təbəqəsi ünvanlı sosial yardım ala bilməyib. Prezident hökumət üzvlərinin, nazirlərin, hakimlərin əhali ilə necə işləməyi, onların problemlərini dinləməyi, həyata keçirilən işləri və siyasəti necə izah etməli olduqlarını bilmədiklərini vurğulayıb.
O qeyd edib ki, yeni hökumət həyat səviyyəsinin yaxşılaşdırılması və iqtisadiyyatın stimullaşdırılması üzrə effektiv addımlar atmalıdır.
"Nur Otan Partiyasının qarşıdakı qurultayında sosial yardımın gücləndirilməsi və insanların həyat səviyyəsinin yaxşılaşdırılması üzrə bir sıra tədbirlər görülməsini təklif edəcəyəm. Bunun üçün büdcədən və Milli Fonddan əhəmiyyətli vəsait ayrılacaq", - deyə dövlət başçısı bildirib.