Zabitlərdən Paşinyana təhdid: Taleyin əlimizdədir
20.02.2019
Ermənistan ordusunun bir qrup zabiti məvaciblərinin az olması səbəbindən Baş nazir Nikol Paşinyana şikayət məktubu yazıb.
"Dövran Media" xəbər verir ki, erməni zabitlər məktubda Paşinyanı təhdid ediblər.
Bildirilir ki, son zamanlar bəzi yüksək vəzifəli məmurların pul mükafatları ilə təltif olunmaları orduda xidmət edən hərbi qulluqçular arasında böyük rezonans yaradıb və tənqid olunub:
"Bu gün vətəni öz qanı hesabına müdafiə edən və çətin şəraitdə hərbi hissələrdə xidmət edən zabitlər vəzifə borclarını yerinə yetirməklə yanaşı, aldıqları çox az məvaciblə ailələrini saxlamaq və kreditlərini ödəmək barədə düşünürlər”.
Hərbçilər regionlardakı mağazalarda ərzağın qiymətinin süni şəkildə qaldırılmasının maddi vəziyyətlərini daha da çətinləşdirdiyini bildiriblər.
Zabitlər xidmət etdikləri yerdən kənara çıxa bilmədikləri üçün sözügedən mağazalardan ərzaq almaq məcburiyyətində qalırlar.
"Millət vəkilləri, nazir və onların müavinləri erməni zabit və əsgərlərinin hesabına rahat işləyir, gecələri rahat yatırlar. Belə olan halda nə üçün onlar daha çox məvacib və mükafat almaq imkanına malikdirlər, hərbi qulluqçular isə əziyyət çəkirlər”, - məktubda qeyd olunub.
Zabitlər məktubun sonunda hərbi qulluqçuların maaşlarının məbləğinin bir daha nəzərdən keçirilməsini tələb edərək, erməni xalqının bu gününün və gələcəyinin Ermənistan ordusundan asılı olduğunu vurğulayıblar.