Sanksiyaların Rusiyaya vurduğu ZİYAN
19.02.2019
2018-ci ilin sonunda Rusiyaya qarşı 62 ölkə tərəfindən 159 sanksiya tətbiq edilib.
"Dövran Media" xəbər verir ki, bu məlumatı Rusiya İqtisadi İnkişaf Nazirliyi yayıb. Məlumata görə, 2018-ci ildə Rusiyaya tətbiq olunan sanksiyalar ucbatından Moskvanın itkiləri 6,3 milyard dollar təşkil edib. Moskvaya ən ağır sanksiyaların AB tərəfindən tətbiq edildiyi və ölkənin 2,42 milyard dollar itirdiyi bildirilib. AB 2018-ci il ərzində Rusiyaya qarşı 25 sanksiya tətbiq edib.
Rusiyaya qarşı tətbiq olunan sanksiyaların sayına görə, ilk üçlükdə Ukrayna (22) və Hindistan (16) qərarlaşıb. ABŞ siyahıda Belarus və Türkiyədən sonra 6-cı yerdə qərarlaşıb.
Sanksiya tətbiqi nəticəsində Rusiyaya ən çox maddi ziyanın AB sanksiyaları ilə bərabər ABŞ və Ukrayna məhdudiyyətlərindən gəldiyi vurğulanıb. Belə ki, ABŞ-ın sanksiyaları sayəsində Rusiyaya 1,17 milyard dollar, Ukraynanın addımları sayəsində isə Moskvaya 775 milyon dollar ziyan dəyib.
2018-ci ildə sanksiyalardan ən çox Rusiyanın metallurgiya sənayesi əziyyət çəkib. Keçən il ərzində Rusiyanın metallurgiya sənayesinə dəyən zərər 3,99 milyard dollara çatıb. Ondan sonrakı yerləri isə kənd təsərrüfatı (1,1 milyard) və kimya sənayesi (640,7 milyon dollar) tutub.