Səfirdən Türkiyədəki erməni kanalı ilə bağlı - AÇIQLAMA
15.02.2019
Luys TV adlı erməni televiziyasının yayımlarına səlahiyyətli dövlət orqanları tərəfindən nəzarət ediləcək.
Bu sözləri Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral Türkiyədə yenicə fəaliyyətə başlayan Luys TV adlı erməni televiziyası haqda Axar.az-a danışarkən deyib.
"Bildiyiniz kimi, Türkiyədəki demokratik həyatın tərkib hissəsi kimi qeyri-türk dillərində də radio və televiziya proqramları yayımlana bilir. Bu proqramlar dövlətin təsis etdiyi təşkilatlar tərəfindən yayımlana bildiyi kimi, vətəndaşların da qeyri-türk dillərində proqramlar yayımlayan radio və televiziya kanalı açmaq hüququ vardır. Qeyd etdiyiniz bu təşkilatın da bu qayda əsasında yaradılmış bütün media təşkilatları kimi Türkiyə Respublikasının qanunlarına uyğun olaraq fəaliyyət göstərmək öhdəliyi var və bütün media təşkilatları kimi, yayımlarına səlahiyyətli dövlət orqanları tərəfindən nəzarət ediləcək”.