Əlibəylidən Rövşən Məmmədova qədər - 63 İL
14.02.2019
Bu gün Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin yaradılmasından 63 il ötür.
"Dövran Media" xatırladır ki, Azərbaycan televiziyası 1956-cı il fevralın 14-də efirə çıxıb. Bakıda televiziya mərkəzi üçün binanın inşasına 1954-cü ildə başlanılıb, 1955-ci ilin sonunda başa çatıb. 1956-cı ilin fevralına qədər Bakı studiyasının ara-sıra sınaq verilişləri yayımlanıb. İlk veriliş günü ekranda gənc aktrisa Nəcibə Məlikova çıxış edib. Həmin gün ekranda "Bəxtiyar" bədii filmi nümayiş etdirilib.
Bakı studiyası əvvəlcə həftədə iki, sonra üç dəfə 2 saatlıq proqramla efirə çıxıb. İlk mərhələdə televiziya sahəsində mütəxəssislər olmadığından burada işləməyə radio, qəzet və teatr əməkdaşları dəvət edilib. 1957-ci ildən Azərbaycan televiziyası efirə həftədə 5 dəfə çıxmağa başlayıb və verilişlərin gündəlik həcmi 2 saat 20 dəqiqəyə çatdırılıb. 1962-ci ildə gündəlik efirə çıxan proqramların həcmi 7 saatadək artırılıb.
1970-ci ildə televiziya Dövlət Televiziya və Radio Verilişləri Komitəsi statusu alıb. 1991-ci ildə komitə şirkətə çevrilib. 2005-ci ildən isə Azərbaycan Prezidentinin sərəncamı ilə şirkət «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətidir.
1979-cu ildə Rabitə Nazirliyi Bakıda 310 metrlik teleqüllənin tikilməsi üçün fəaliyyətə başlayıb. Təməli 1981-ci ildə qoyulan yeni televiziya qülləsi 1996-cı il iyunun 7-də istifadəyə verilib. 2004-cü ilin fevralından başlayaraq AzTV-nin proqramlarının Avropa ölkələrində daha keyfiyyətli yayımı təmin edilib. 2007-ci ildə Avropaya yayımın texniki müvafiqliyinə görə Azərbaycan Televiziyası «Avropa keyfiyyəti» medalına layiq görülüb. 6 noyabr 2013-cü ildə 16:9 təsvir formatlı yayıma keçib. 5 fevral 2018-ci il tarixindən Mədəniyyət kanalı ilə birgə HD formatlı yayıma başlayıb.
Azərbaycan televiziyası 1973-cü ildən yalnız Bakıda rəngli yayıma keçib. Bu televiziya xəbərlər buraxılışını 1960-cı ildən efirə verməyə başlayıb. İlk dövrdə bu veriliş «Günün yenilikləri» adlanıb.
1956-2019-cu illər arasında AzTV-yə Ənvər Əlibəyli, Teymur Əliyev, İmran Mirzəyev, Qurban Yusifzadə, Elşad Quliyev, Qeysər Xəlilov, Məmməd Murad, Məmməd İsmayıl, Babək Məmmədov, Nizami Xudiyev, Arif Alışanov rəhbərlik edib.
Hazırda sədr vəzifəsini Rövşən Məmmədov icra edir.