Soros: “Avropa İttifaqı Sovet İttifaqının taleyini təkrarlaya bilər”
13.02.2019
"Avropanı həm daxili, həm də xarici düşmənlərindən qorumaq yolunda ilk addım mövcud təhdidin miqyasını dərk etməkdir. İkinci addım isə yatmaqda olan avropapərəst çoxluğu yuxudan oyatmaq, onu Aİ-nin qurulduğu dəyərlərin müdafiəsindən ötrü səfərbər etməkdir”.
"Dövran Media" bildirir ki, bunu milyarder, Açıq Cəmiyyət Fondunun sədri Corc Soros yazıb.
"Avropa unutqanlıq yuxusuna girib və Avropa xalqı çox gec olmadan oyanmalıdır. Oyanmasalar, Avropa İttifaqı da 1991-ci ildə Sovet İttifaqının getdiyi yolu gedəcək. Nə liderlərimiz, nə də sıravi vətəndaşlarımız inqilabi məqamda olduğumuzu, imkanların miqyasının genişliyini, sonucların xeyli dərəcədə qeyri-müəyyən olduğunu anlayır”, – Açıq Cəmiyyət Fondunun sədri qeyd edib.
Müəllif növbəti dəyişmə məqamının bu ilin mayında Avropa Parlamentinə keçiriləcək seçkilərə düşdüyünü vurğulayıb: "Təəssüf ki, anti-Avropa qüvvələr səsvermədə rəqabət üstünlüyünə malik olacaqlar. Bunun bir sıra səbəbləri var, bir səbəb də Avropa ölkələrinin çoxunda köhnəlmiş partiya sisteminin mövcudluğudur… Avropa İttifaqının qurulduğu prinsipləri pozan üzv ölkələri cəzalandırmağa hüquqi alətlər də yoxdur. Avropa İttifaqı qanunlarını üzv ölkələrə tətbiq edə bilər, amma üzvlərini ona əməl etdirməyə yetəcək gücü yoxdur”./Virtualaz.org/