“Uber”dən azərbaycanlılara JEST
11.02.2019
Azərbaycanda yeni "Uber Azerbaijan” tətbiqi buraxılıb.
Bu barədə "Uber” şirkətindən Oxu.Az-ın redaksiyasına daxil olan press-relizdə bildirilir.
Qeyd olunur ki, tətbiq istifadəçilərin istəyi və bazarın xüsusiyyətləri nəzərə alınaraq hazırlanıb.
"Misal üçün, zəif internet olanda daha tez işləyir və marşrutda əlavə dayanacaqları göstərməyə imkan verir. Tətbiq artıq "iPhone” və "Android” platformaları üçün istifadəyə verilib. Yeni istifadəçilər fevralın 25-dən 30 faiz endirim əldə edəcəklər”, - şirkətin açıqlamasında deyilir.
"Uber Azerbaijan” rastr qrafikası əvəzinə vektor xəritələrindən istifadə edir və bu səbəbdən zəif mobil interneti olanda daha yaxşı işləyir və telefonda üç dəfə az yer tutur. Bundan əlavə, yeni tətbiqdə bundan əvvəlki versiyada olmayan funksiyalar var.
"Uber Azerbaijan” ünvana daha tez və ucuz çatmaq üçün istifadəçinin yaxınlığında təyinat nöqtələrini məsləhət verə bilir. Tətbiqdə sürücüyə "çay pulu” da saxlamaq olur, bu məbləğ səfərin sonunda avtomatik olaraq kartdan silinəcək.
"Uber Azerbaijan”ın yeni funksiyalarından biri də istifadəçilərin xahişi ilə əlavə etdiyimiz – aralıq ünvanlardır. Məsələn, evə qayıdan zaman dostunuzu götürmək və ya mağazaya baş çəkmək lazım gəlir. Siz həmin ünvanları tətbiqdə göstərirsiniz və o, marşrutu quraraq, dayanacaqları nəzərə almaqla qiyməti hesablayır”, - deyə "Uber”in Azərbaycan üzrə regional direktoru Ataman İnçe bildirib.
Tədricən "Uber”in əvvəlki tətbiqləri Azərbaycanda istismardan çıxarılacaq. Ondan yalnız ölkə hüdudlarından kənarda istifadə etmək mümkün olacaq. Şirkət rəhbərliyi əmin edir ki, "Uber Azerbaijan”a keçid asan və şəffaf olacaq.
İstifadəçinin qeydiyyatı zamanı "Uber”ə bağlı olmuş telefon nömrəsini daxil etmək kifayət edəcək, belə ki, yeni "Uber Azerbaijan” tətbiqində yürüş tarixçəsi, sevimli ünvanlar, əlaqəli ödəniş kartları və sifarişlər haqqında hesabatlar üçün elektron poçt peyda olacaq.
Qeyd edək ki, ötən gün mobil inteqrasiyalı taksi xidmətinin azərbaycanlı istifadəçilərinə kütləvi şəkildə SMS-bildiriş daxil olub. Həmin bildirişdə istifadəçilərin standart "Uber” tətbiqindən "Uber Russia” tətbiqinə keçməsi xahiş olunur. Ancaq təəssüflər olsun ki, həmin tətbiqin Azərbaycan hüdudlarında istifadəsinə qoyulan qadağaya görə onlar bu tətbiqi mobil cihazlarına quraşdıra bilməyiblər.
Problemdən xəbər tutan şirkət rəhbərliyi buna görə "Uber”in Azərbaycan üçün ayrıca tətbiq yeniləməsini buraxmaq qərarına gəlib.