Sərhədi pozmaq istəyən şəxs ÖLDÜRÜLDÜ
11.02.2019
Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Buravar kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadı tərəfindən İran İslam Respublikası ərazisindən Azərbaycan istiqamətində hərəkət edən 1 nəfər naməlum şəxs müşahidə olunub.
Bu barədə DTX-nin mətbuat mərkəzindən məlumat verilib.
Bildirilib ki, sərhəd zastavası "Silaha” komandası üzrə qaldırılmış, xidməti ərazi qapadılıb. Sərhəd naryadı tərəfindən "Dayan” əmri verilərək sərhəd pozucusu təqib edilib və havaya xəbərdarlıq atəşi açılıb. Lakin həmin şəxs əmrə tabe olmayaraq İran İslam Respublikası istiqamətində geriyə doğru qaçıb.
Məlumata görə, "Dövlət sərhədi haqqında” qanununun tələblərinə uyğun olaraq sərhəd naryadı tərəfindən silah tətbiq olunub və sərhəd pozucusu aldığı güllə yarasından hadisə yerində ölüb.
Sərhəd nümayəndəliyi xətti ilə İran İslam Respublikasının sərhədçilərinə hadisə barədə dərhal məlumat verilib.
Sərhəd pozucusunun üzərinə baxış zamanı Azərbaycan Respublikasının vətəndaşı 1968-ci il təvəllüdlü Seyfullayev Zülfüqar Hüseynqulu oğluna məxsus Azərbaycan Respublikasının ümumvətəndaş pasportu, hadisə yerinə ilkin baxış zamanı isə 1 ədəd gecə görmə cihazı aşkar olunub.
Hazırda Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar zəruri əməliyyat-istintaq hərəkətləri həyata keçirilir.