21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Azərbaycan qadınları bütün dünyaya örnəkdir: “Foreign Policy News”

09.03.2018

Amerikanın "Foreign Policy News” xəbər portalı siyasi icmalçı Covanni Visente Romeronun "Azərbaycan qadınları müsəlman ölkələrinə və bütün dünyaya örnəkdir” sərlövhəli məqaləsini yayıb.
Müəllifin bu məqələsi Niderlandın nüfuzlu "Diplomat Magazine" jurnalında da dərc edilib.
Müəllif yazır ki, bu yaxınlarda Bakıda startapların sürətlə inkişaf edən iqtisadi sisteminin aparıcı təşkilatlarından 50 sahibkarın iştirakı ilə qadınlar arasında Startup yarışı keçirilib. "TalentPort” startapından bu müsabiqənin qalibi olmuş iki qadın Azərbaycanı Parisdə keçiriləcək böyük finalda təmsil edəcək.
Məqalədə qeyd edilir ki, Azərbaycanın ilk korporativ sosial məsuliyyətli şirkəti "TalentPort”un fəaliyyəti tələbə və əlillərin bacarıqlarının yaxşılaşdırılması və onların etibarlı, iqtisadi cəhətdən səmərəli iş mənbəyi əldə etməsi üçün müvəqqəti iş yerlərinin açılmasına yönəlib. Bu şirkət qadın liderlərin müasir Azərbaycan cəmiyyətinə qiymətli töhfəsinin bariz nümunəsidir.
Romero qeyd edir ki, 1918-1920-ci illərdə fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin mütərəqqi hökuməti qadınların liberal və dünyəvi cəmiyyətin tamhüquqlu üzvü olması üçün hər cür şərait yaratmışdı. Tanınmış polyak-amerikan tarixçisi Tadeuş Svetoxovski "Rusiya Azərbaycanı (1905-1920)” kitabında yazırdı ki, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının qəbul etdiyi Müəssislər Məclisi haqqında Qanun etnik azlıqların və siyasi qrupların proporsional təmsilçiliyini və ümumi seçki hüququnu nəzərə almaqla, faktiki olaraq Azərbaycanı müsəlman dünyasında qadınlara siyasi hüquqlar verən ilk dövlətə çevirdi.
Ekspert yazır ki, beləliklə, Azərbaycan qadınları Avropanın bir çox inkişaf etmiş ölkələrində və Amerika Birləşmiş Ştatlarında olan həmcinslərindən daha əvvəl seçki hüququ əldə etdilər. Məsələn, ABŞ yalnız 1920-ci ildə - ölkə Konstitusiyasına 19-cu düzəlişi qəbul etməklə qadınlara analoji hüququ verdi.
1918-ci ildən etibarən zərif cinsin nümayəndələri Azərbaycanda tərəqqi simvolu olub və bu ənənə indi də davam edir. Romero qeyd edir ki, 2000-ci ilin martında Azərbaycan Prezidenti Heydər Əliyev "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalayıb. Bu sənəddə qadınların hökumətdə proporsional şəkildə, həmçinin bərabərlik əsasında biznes və iqtisadiyyatda iştirakının təmin edilməsi tapşırılıb.
Romero vurğulayır ki, yeni qanun Azərbaycan cəmiyyətində qadınların rolunun artırılması sahəsində tərəqqini təmin etdi. Hazırda Nazirlər Kabinetinin üzvləri arasında zərif cinsin nümayəndəsi də var, 125 deputatdan ibarət olan parlamentin isə 16 faizini qadınlar təşkil edir. Qadınlara qarşı ayrı-seçkiliyin ləğvi üzrə BMT Komitəsinin hesabatına görə, 2014-cü ildə qadınlar arasında işsizliyin səviyyəsi əvvəlki illərdəki 49 faizdən 5,9 faizə düşüb. 2015-ci ilin əvvəlində Azərbaycanda sahibkarların 18 faizini qadınlar təşkil edib. Azərbaycan qadınları ölkənin Silahlı Qüvvələrində də xidmət edirlər. Qadınlar üçün imkanların genişləndirilməsi siyasəti Azərbaycandakı azlıqlara da şamil olunur. Məsələn, Azərbaycan Ali Məhkəməsində vəzifə tutan qadınlardan birinin - Tatyana Aleksandrovna Qoldmanın yəhudi icmasının nümayəndəsi olması dövlət rəhbərliyinin etnik azlıqlara göstərdiyi xüsusi diqqətin bariz nümunəsidir.
Azərbaycanda qadınların uğurlarından bəhs edən Romero istisna etmir ki, ölkədəki zərif cinsin nümayəndələri üçün ilham mənbəyi birinci xanım Mehriban Əliyevanın nümunəsidir. UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri olan Mehriban xanım Əliyeva 2004-cü ildə təsis edilmiş Heydər Əliyev Fondunun prezidenti kimi cəmiyyətdə mədəni və iqtisadi inkişafa, xüsusən gənc qadınların rolunun artırılmasına böyük töhfə verib. Fondun səyləri nəticəsində Azərbaycanda və digər ölkələrdə, o cümlədən Misir, Rumıniya, Rusiya, Niderland, Pakistan və Gürcüstanda yeni xəstəxanalar, muzeylər və məktəb binaları tikilib. 2017-ci ildə Mehriban xanım Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib.
Müəllif məqalənin sonunda yazır ki, Azərbaycanda qadınların statusu və nailiyyətləri zərif cinsin nümayəndələri haqqında mənfi stereotipləri dağıtmağın və cəmiyyətdə, həmçinin bütün dünyada bərabərliyin necə bərqərar olmasının mümkünlüyünü göstərir. Qadınlar qlobal qərarların qəbul edilməsində təmsilçiliyin yaxşılaşdırılması, o cümlədən planetimizdə bir çox münaqişələrin nizamlanması prosesinə töhfə verirlər(azərtac).