"Yerindən duran efirə cumur..." - Şeyx ƏSƏBLƏŞDİ
07.02.2019
Özəl telekanallar istəyirlər ki, bütün vasitələrdən istifadə edərək verilişlərdə reytinqi təmin etsinlər. Bədii Şura kimi ictimai nəzarət qurumlarının aktivliyi isə buna müəyyən qədər təsir göstərə bilər.
Bu sözləri açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov AzTV-də olduğu kimi, özəl televiziyalarda da Bədii Şura yaradılması ilə bağlı təkliflərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, bu məntiq kanalların nəzdində Bədii Şura kimi qurumların aktiv fəaliyyətinin effektivliyinə əngəl olur:
"Özəl kanallarda bir neçə il bundan qabaq "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq bədii şuralar yaradıldı və bu barədə MTRŞ-yə məlumat verilib. Onlar dövlət dilinin istifadəsi məslələrinə ictimai nəzarəti həyata keçirməli idilər. İlk dövrlər şuralar müəyyən aktiv fəaliyyət göstərsələr də, sonradan onların fəaliyyəti müəyyən qədər zəiflədi. Amma hazırda digər məslələrlə bağlı da kanalların daxili yaradıcılıq fəaliyyətini tənzimləmək üçün Bədii Şura kimi qurumların yaradılması ümumi işin xeyrinə olardı. Lakin görünür, bu, özəl kanallara sərf etmir.
Qanuna görə, MTRŞ teleradio yayımı sahəsində dövlət və ictimai maraqların təmin edilməsinə nəzarət etsə də, kanalların yaradıcı fəaliyyətinə qarışmaq səlahiyyətinə malik deyil”.
Məsələyə münasibət bildirən aktyor, rejissor Şeyx Əbdül Mahmudov AzTV-dəki təşəbbüsü yüksək qiymətləndirib:
"Televiziyalarda bədii şuraların bərpası təşəbbüsü mənim ideyamdır. Neçə ildir bunun üçün mübarizə aparıram. Ona görə manısların çoxu mənə qənim kəsilib. Bir şey ki, bizim tariximiz, milli-mənəvi dəyərlərimizlə bağlıdır, o sahəyə yüksək səviyyədə nəzarət olmalıdr. Hətta bu dəyərləri dağıdanlar həbs edilməlidir. Biabırçılıqdır. İnsanların əlindən küçəyə çıxa bilmirik. Efirdəki mənzərələrlə bağlı bizə nələr demirlər?!
Həm özəl televiziyalara, həm də özəl studiyalara nəzarət mexanizmi lazımdır. Yerindən duran efirə cumur ki, mən müğənniyəm, aparıcıyam və s. AzTV sağ olsun!
Bu gün Azərbaycanda 70 faiz manıs min cür yol tapıb efirə çıxır ki, "toy tutsun”. Bu, kütləvi şəkildə mənəvi dəyərlərin məhv olmasına gətirib çıxarır. Kimsə pul qazansın deyə, mədəniyyətimizi, tariximizi qurban verə bilmərik. "Exo” verirlər, hay-küy yaradırlar və bunun adını mahnı qoyurlar. Nə musiqisini, nə də sözlərini başa düşmək olur. O gün efirdə gördüm ki, müğənni Afət xanım Nəsiminin "Sığmazam” qəzəlini nə günə qoyub! Ona Nəsiminin fəlsəfəsindən danışdım, qəzəlin mahiyyətini izah elədim. Bu uşaqlar onu bilmirlər”.
Ə.Mahmudov bildirib ki, xalqın əxlaqını və dəyərini qorumaq lazımdır:
"Musiqi, şair və s. bu xalqın dəyəridir. Ata-babalarımız bizə bu boyda miras qoyub. Bəs biz özümüzdən nə miras qoyacağıq? 10 ildir məndən başqa heç kim bunu deməyib. Hətta televiziyalarda bədii şuraların yaradılması üçün dəfələrlə Milli Məclisə müraciət etmişəm.
Bir telefon oğurlayan uşağı tutub 5 il iş verirlər, amma bu boyda milli-mənəvi dəyərlərimizi, tariximizi it gününə qoyanlara söz deyən yoxdur. Mən belələri ilə fərdi şəkildə mübarizə apara bilmərəm. Gərək dövlət nəzarəti olsun. Rövşən qardaşımıza (Rövşən Məmmədov, AzTV-nin sədr əvəzi – red.) minnətdaram. Belə bir təşəbbüslə çıxış etməsini alqışlayıram.
Bayağılar dövlət televiziyasına yol tapa bilmirlər. Onların 90 faizi özəl televiziyalar vasitəsilə populyarlaşır. Televiziyalara irad tutanda isə deyirlər ki, bunlar olmayanda, biz reklam tuta bilmirik, dolanmaq olmur”.
Media eksperti, professor Qulu Məhərrəmli isə bəzi televiziyalarda bədii şuraların olduğunu, lakin formal xarakter daşıdığını söyləyib:
"Bütün hallarda efirdə müəyyən sistem yaratmağa yönəlmiş cəhdlər təqdirəlayiqdir. Ümumiyyətlə, indiyə qədər AzTV-də bu baxımdan heç bir ciddi problem olmayıb. Bədii şuralar özəl televiziyalar üçün daha vacibdir. Çünki özəl televiziyalarda normalar pozulur, aşağı səviyyəli müğənnilər efirə buraxılır. Kommersiya məqsədləri öndə olduğuna görə tələblər gözlənilmir. Özəl televiziyalarda yaradılan şuralar çox vaxt fəaliyyət göstərmir. Məsələn, guya televiziyalarda dil şuraları var, amma onların heç bir faydası yoxdur. Hesab edirəm ki, bu cür şuraların, peşəkar nəzarətin olması çox vacibdir.
Televiziyalar çox şey deyə bilər, amma əsas ekrandır, görünən tərəfdir. Efirdə göz qabağında olanlar isə sadəcə zövqsüzlükdür. Mənə elə gəlir ki, belə təkliflərdən vəcdə gəlməyə ehtiyac yoxdur. Nə qədər ki, televiziya məkanında ciddi islahat yoxdur, təkliflərlə sadəcə bir müddət diqqəti cəlb etmək olar”.
Qeyd edək ki, fevralın 6-da Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində bir qrup tanınmış mədəniyyət və incəsənət xadiminin daxil olduğu Bədii Şura yaradılıb. Bədii Şuranın yaradılmasında məqsəd nümayiş olunan ədəbi-bədii və musiqili veriliş, proqram və layihələrdə aparıcıların danışıq, davranış və geyim tərzi, (bu, verilişlərə dəvət olunmuş müğənnilərə də aiddir) bədii tərtibatla bağlı Bədii Şura üzvlərinin rəylərinin nəzərə alınmasına xidmət edir.