03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Quzu ətindən bahalı quzuqarnı

08.03.2018

El arasında quzuqarnı adlanan göbələyin yığım mövsümüdür. Bu nadir göbələyi şimal rayonlarının meşəliklərindən mart ayından başlayaraq toplamaq olar.
Cəmi 30-35 gün ərzində yetişən quzuqarnını aprelin ortalarınadək yığmaq mümkündür.
Quzuqarnı dadına və tərkibindəki vitaminlərin zənginliyinə görə digər göbələklərdən fərqlənir. Bu göbələyin zəhərlisinə rast gəlinmir. Yemək üçün hazırlanması isə çox sadədir. İsti su ilə yuyulub təmizləndikdən sonra yumurta ilə qarışdırılaraq bişirilir. Bundan başqa, çöl şəraitində quzuqarnını şişə çəkib kababını da hazırlamaq olar.

Şabran rayonun Ağalıq kənd sakini Əfqan Musayev bildirir ki, bu göbələk adını görünüşünə görə alıb. "Bizim meşələrdə 3 növü var. Daha doğrusu, quzqarnıları öz aramızda rənginə görə fərqləndiririk. Sarı, ağ, qara quzqarnı adlandırırıq. Meşədə, əsasən qovaq ağaclarının altında bitir. Rəngi də yarpaqlardan seçilmir. Amma hər il quzuqarnı yığdığımızdan onun bitdiyi yerləri bilirik. Mart ayında yağışlar çox yağırsa, quzuqarnı da bol olur”, - deyə Əfqan Musayev vurğulayıb.

Quzuqarnının qiyməti digər göbələklərlə müqayisədə bahadır. Kiçik qablarda satılan quzqarnının bir kiloqramı mövsümün əvvəlində alıclara 35 manata təklif olunur. Mart ayının sonlarında çoxaldığından 15 manata da almaq olar. Qiymətin baha olması bu göbələyin yığılmasının çətinliyi ilə əlaqədardır. Gün ərzində meşədən maksimum 4-5 kiloqram toplamaq olar. Bununla belə quzqarnının yığılması olduqca zövqlü məşğuliyyət sayılır.

"Quzuqarnı il ərzində cəmi bir dəfə olur. Bu bitki sanki onu görməsinlər deyə gizlənir. Rəngi də yarpaqlardan seçilmədiyindən çox diqqətlə axtarmaq lazımdır”, - deyə Əfqan Musayev əlavə edib.

Quzu əti qədər dadlı quzuqarnını istixana şəraitində yetişdirmək qeyri-mümkündür. Bitkinin konservləşdirilmiş halda satışı da yoxdur.