Zəlzələ anında edəcəyimiz HƏRƏKƏTLƏR
06.02.2019
Mütəxəssislər hesab edir ki, zəlzələ zamanı insan tələfatı daha çox onların necə hərəkət etməli olduqlarını bilmədikləri ucbatından baş verir. Bəs zəlzələ vaxtı necə davranmaq lazımdır?
"Dövran Media" xəbər verir ki, binanın təkanlarını hiss edərkən, çilçıraqların yelləndiyini, əşyaların aşmasını görərkən, sınan şüşələrin səsinin eşidərkən vahiməyə düşməyin , çünki ilk təkanları hiss etdikdən sonra binanın uçmasına qədər onu tərk etməyə sizin 15-20 saniyəniz var. Sənəd, pul və digər sizə lazım olanları götürüb tez binanı tərk edin.
Binanı tərk edərkən liftdən yox, pilləkənlərdən istifadə edin. Çölə çıxan kimi açıq sahədə dayanın, bina və tikililərə yaxınlaşmayın. Özünüzü ələ alın və digər insanları sakitləşdirməyə çalışın.
Əgər siz məcburən evdə qaldınızsa, onda təhlükəsiz yerlərdə, yəni daxili divarın yanında, otaqların künclərində durun. Əgər mümkündürsə, stolun altında gizlənin. O sizi yuxarıdan düşən əşya və dağıntılardan xilas edəcək.
Pəncərə və ağır mebeldən aralı dayanın.
Əgər sizinlə uşaqlar varsa, onları ədyala bükün. Şam, kibrit və alışqandan istifadə etməyin, unutmayın qaz sızıntısı zamanı yanğın ola bilər. Eyvanlardan, karnizlərdən, hasarlardan uzaq olun, qırılmış məftillərdən ehtiyatlı olun. Əgər siz maşındasınızsa, açıq yerdə dayanın, lakin təkanlar qurtarana qədər maşını tərk etməyin. Digər insanları xilas etmək üçün kömək göstərməyə hazır olun.
Qeyd edək ki, dünəndən indiyədək Azərbaycanda 5 zəlzələ qeydə alınlıb. İlkin zəlzələ yerli vaxtla 23.19-da Pirqulu stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə qeydə alınıb. Yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub.