“Forbes”: dünyanın ən varlı insanı Ceff Bezosdur
07.03.2018
"Forbes” jurnalının hər il tərtib etdiyi dünyanın ən varlı insanları siyahısına "Amazon” kompaniyasının rəhbəri Ceff Bezos başçılıq edir.
Reytinq siyahısı martın 6-da nəşrin saytında dərc olunub.
Jurnal Bezosun varidatını 112 milyard dollar həcmində qiymətləndirib. "Amazon” kompaniyasının aksiyalarının qiyməti 12 ay ərzində 59 faiz bahalaşaraq sahibini 39,2 milyard dollar varlandırıb. Bu, "Forbes” jurnalı tərəfindən milyarderlərin kapitalı hesablanmağa başlandığı 1987-ci ildən bəri maksimum yüksəlişdir.
Reytinqin əvvəlki lideri – Amerikanın "Microsoft” kompaniyasının banisi Bill Qeyts ikinci pilləyə enib. Nəşrin məlumatına əsasən, onun varidatı 90 milyard dollar təşkil edib. "Berkshire Hathaway” investisiya fondunun rəhbəri Uorren Baffet isə 84 milyard dollarlıq varidatla reytinqdə 3-cü yerdə qərarlaşıb.
"Forbes” jurnalı ümumilikdə 2208 milyarderi müəyyənləşdirib. Onların əlində cəmlənən kapitalın ümumi həcmi 9,1 trilyon dollar təşkil edir ki, bu da ötən ildə qeydə alınan göstəricidən 18 faiz çoxdur. Həmçinin yeni siyahıya əvvəllər reytinqə düşməyən 259 varlı şəxs daxil olub.