Bizdə epidemiya təhlükəsi yoxdur
04.02.2019
"Hazırda Azərbaycanda qızılca və A (H1N1) virusunun epidemiya halı alması təhlükəsi yoxdur”.
"Dövran Media" xəbər verir ki, bunu report-a açıqlamasında respublikanın baş infeksionisti Cəlal İsayev deyib.
O bildirib ki, ölkədə qızılcaya yoluxma halları qeydə alınıb: "Lakin bununla bağlı ciddi artım baş verməyib. Yoluxma halları adətən yaşlı insanlar, əsasən də tələbələr, yuxarı sinif şagirdləri arasında müşahidə olunur. Bu da onların vaxtı ilə peyvənd olunmaması ilə əlaqədardır. Hətta peyvənd olunmuş olsalar belə, bunun da müddəti var. Çünki peyvəndlərin təsiri 10-13 ildən sonra zəifləyir və yoluxma halları yenidən qeydə alınır”.
C.İsayev Səhiyyə Nazirliyinin qızılcaya görə 160 min doz peyvəndin alınmasını sifariş verdiyini də xatırladıb. O qeyd edib ki, bu xəstəlik hava-damcı infeksiyası olduğundan insanlar maksimum dərəcədə özlərini qorumağı bacarmalıdır: "Yəni, belə xəstələr insanların sıx olduqları yerlərə getməməli, ictimaiyyət arasına mümkün qədər az çıxmalıdırlar. Bu, digər insanların virusa yoluxdurulmaması baxımından çox vacibdir. Çünki xəstəliyin əlamətləri meydana çıxandan sonrakı 4 gün müddətində bu ətrafdakılar üçün təhlükəli ola bilər. Əslində xəstələnən insanların harasa çıxmağa halı olmasa belə, yenə də ehtiyatlı olmaq lazımdır”.
Baş infeksionist əlavə edib ki, əgər qonşu ölkələrdə qızılca geniş yayılıbsa, bunun Azərbaycana da təsiri qaçılmazdır: "Azərbaycanda bu xəstəlik epidemiyaya çevrilməyib. Az sayda insanlar arasında rast gəlinir və güman edirəm ki, mart ayının əvvəlinə peyvəndləmə işlərinə başlanılacaq”.
C.İsayev həmçinin Azərbaycanda A (H1N1) virusunun yayılması haqqında məlumatlara da münasibət bildirib. Onun sözlərinə görə, bu, mövsümi qripdir: "Bu virus ağır gedişə malik deyil. Ağır gediş o zaman ola bilər ki, insan mövsümlə əlaqəli qrip olduqda özünə diqqət etməsin. Yəni, xəstə insanlar bilərəkdən işə və ya başqa kollektivə gedərək yoluxmanı artırmış olur. Ev şəraitində olsa belə, müalicəni vaxtında almış olsa, xəstəliyin ağırlaşma forması da az olar. Ağırlaşma halı olanda da, dərhal həkimə müraciət edib bunun qarşısını ala bilər. Ümumi götürsək bütün xəstəliklərin hamısı təhlükəlidir. Əsas odur ki, insanlar özlərinə düzgün qulluq etməyi bacarsınlar. Yaşlılar, körpələr, hamilə qadınlar yanaşı xəstəlikləri olan insanlarda qrip təhlükəlidir. Həmin insanlarda ağırlaşma ehtimalı yüksəkdir. Gürcüstanda bu virusdan öldüyü deyilən şəxslərin yanaşı xəstəlikləri olub və bu səbəbdən dünyasını dəyişiblər. Çünki tək bu virusdan ölüm halları olmur”.
Ölkənin baş infeksionisti vurğulayıb ki, bu günə qədər Azərbaycanda A (H1N1) virusundan ölüm faktı qeydə alınmayıb.