Vulkan iki kilometr hündürlüyə tüstü və kül püskürüb
06.03.2018
Yaponiyanın Kyuşu adasında yerləşən Kirisima dağ silsiləsindəki fəal Şinmoe vulkanı güclü tüstü və kül dumanı püskürüb.
Yaponiya Milli Meteorologiya Agentliyinin verdiyi xəbərə görə, martın 6-da dağın püskürdüyü tüstü və kül dumanı 2,3 min metr yüksəkliyə qalxıb.
Meteoroloqlar "partlayış təhlükəli” püskürməni yerli vaxtla 14:27 dəqiqədə qeydə alıblar. Regionda vulkanik titrəyişlər davam edir. Təhlükə dərəcəsi beş mümkün baldan üçüncü dərəcə hesab edilir. Bu, dağa yaxınlaşma və dırmanmanı qadağan edir. Mütəxəssislər daş və lava püskürməsinin mümkünlüyünü nəzərə alaraq vulkana iki kilometr radiusda yaxınlaşmamağı məsləhət görürlər. Təhlükə dərəcəsinin dördüncü və ya beşinci səviyyəyə qalxması "təxliyəyə hazırlığı” və "təcili təxliyəni” nəzərdə tutur.
Yerli KİV-lərin yaydığı məlumata görə, vulkan püskürməsi Kaqoşima aeroportunda 44 aviareysin təxirə salınmasına səbəb olub.
Şinmoe vulkanı sonuncu dəfə cari il martın 1-də püskürüb.