Yola atılan körpələrlə bağlı - RƏSMİ AÇIQLAMA
04.02.2019
"Bərdə rayonunda yolun kənarından tapılan körpə bacı-qardaşla bağlı iş icraata götürülüb".
Bunu "Report"a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Onun sözlərinə görə, məsələnin araşdırılması yerli monitorinq komissiyasına tapşırılıb: "Hazırda komissiya məsələni araşdırır və valideynlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparır".
Qeyd edək ki, fevralın 3-də Bərdə rayonunda yolun kənarından körpə bacı-qardaş tapılıb. Küçəyə atılan oğlan uşağının 8 aylıq, qız uşağının isə 1,6 yaşında olduğu ehtimal edilir. Bu gün səhər saatlarında körpələrin anası tapılıb.
Məlum olub ki, körpələrin anası Qazax rayonunun Kəmərli kənd sakini Yeganə Nemət qızı Osmanovadır.
Bərdə rayonunda işləyən Y.Osmanova "Report"un yerli bürosuna uşaqları maddi çətinlikdən saxlaya bilmədiyini və belə bir işi gördüyünü deyib: "Bir müddət kafedə və çay evlərində işlədim. Kirayə ev tapmışdım, günə 2 manat pul verirdim. Sonra işdən çıxdım və kirayə pulu da verə bilmədim. Bildim ki, ev yiyəsi bizi çıxaracaq, ona görə də özüm gecə evdən çıxaraq qaçdım, uşaqları isə evdə saxladım. Sonra ev yiyəsi mənim gəlmədiyimi görüb uşaqlarımı bizi həmin evə aparan iş yoldaşıma verib".
Faktla bağlı araşdıma aparılır.